SƏNAYE

27 İyun

Türkiyədə təbii qaz hasilatı artıb

Türkiyənin Qara dənizdə kəşf etdiyi təbii qazın 2023-cü ilin sentyabr ayı etibarilə hasil edilərək sistemə verilməsi ilə hasilat 2022-ci ilə nisbətən keçən il 113 % artaraq 807,3 milyon kubmetrə çatıb.

Fins.az xəbər verir ki, bu baradə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz hesabatında məlumat verilib.

Məlumata görə, Türkiyənin Qara dənizdəki təbii qaz kəşfi hasilata da yansımağa başlayıb.

Ölkədə topdansatış lisenziyası olan 8 şirkət təbii qaz istehsal etmək səlahiyyətinə malikdir.

Sözügedən şirkətlər tərəfindən keçən il hasil edilən və sistemə verilən təbii qazın miqdarı əvvəlki ilə nisbətən 113 faiz artaraq 2023-cü ildə 807,3 milyon kubmetrə çatıb. Türkiyə Neft Anonim Ortaqlığı (TPAO), Thrace Basin Natural Gas Corporation Türkiye və Park Place Energy Limited ən çox istehsal həyata keçirilən şirkətlər olaraq qeydə alınıb. Türkiyənin təbii qaz hasilatı 2019-cu ildə 473,9 milyon kubmetr, 2020-ci ildə 441,3 milyon kubmetr, 2021-ci ildə 394,4 milyon kubmetr və 2022-ci ildə 379,8 milyon kubmetr olaraq qeydə alınıb.

EPDK hesabatında, “Bu artımın əhəmiyyətli bir hissəsi Qara dəniz Sakarya Qaz Sahəsində aşkar edilən təbii qazın 2023-cü ilin sentyabr ayından etibarən hasil edilərək sistemə verilməyə başlaması ilə əlaqədardır.” – deyə qeyd edilib.

Lisenziyalı şirkətlər tərəfindən satışa təqdim edilən qazın çıxarıldığı vilayətlər arasında Qara dəniz qazının ön plana çıxdığı Zonguldak 337,8 milyon kubmetrlə birinci olub. Onun ardınca isə 243,3 milyon kubmetrlə Tekirdağ, 108,7 milyon kubmetrlə Kırklareli, 55,9 milyon kubmetrlə Düzce və 55,9 milyon kubmetrlə İstanbul gəlir. Hasilatın aparıldığı 10 şəhər arasında sistemə ən az təbii qaz transfer edən şəhər 4 min kubmetrlə Hatay olub.