SƏNAYE

25 İyun

İtaliya Azərbaycandan neft və qaz idxalına görə Avropa ölkələri arasında birinci yerdədir - Pərviz Şahbazov

İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sahəsində əməkdaşlıq xüsusi rol oynayır.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.

"İtaliya Azərbaycandan neft və qaz idxalına görə Avropa ölkələri arasında birinci yerdədir. Belə ki, ötən il İtaliyaya 11 milyon tondan çox neft ixrac edilib, ölkəyə qaz tədarükü 9,4 milyard kubmetr təşkil edib", - o deyib.

Nazir həmçinin, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu da vurğulayıb: "Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15,6 milyard dollar təşkil edib".

"İki ölkə arasında tarixi dostluq və strateji tərəfdaşlıq bütün sahələrdə ən yüksək səviyyəyə çatıb. Bu mənada qarşılıqlı səfərlər əsas rol oynayır ki, bunun sayəsində dövlətlərarası münasibətlər yeni mərhələyə qədəm qoyub. Ölkələrimiz arasında əlaqələr təkcə iki ölkənin deyil, həm də böyük bir coğrafiyanın maraqlarını təmsil edir. Ölkələrimizin G7 və COP29-a sədrliyi əməkdaşlıq üçün yeni imkanlar açır", - Şahbazov əlavə edib.