RƏSMİ

16 Yanvar

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyasını" təsdiqləyib

Finss.az - Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan çevik və şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina ediləcək və “rəqəmsal hökumət”ə keçid baş verəcək. Böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanmış sənəd, ölkə vətəndaşlarının rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədini güdür. Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas prioritetlərdən biridir.

Rəqəmsal cəmiyyətin inkişafı üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcək, İKT mütəxəssislərinin hazırlanması, tədris proqramlarının müasirləşdirilməsi və İKT sahəsində işçilərin əməkhaqqı səviyyəsinin yüksəldilməsi prioritet məsələlərdir.

Biznes prosesləri rəqəmsal platformalara keçəcək, dövlət-özəl tərəfdaşlıq genişləndiriləcək, IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorları rəqəmsallaşdırılacaq, startaplar və innovativ ekosistem dəstəklənəcək.

Milli kibertəhlükəsizlik strategiyası çərçivəsində dövlətin, biznesin və fərdi məlumatların qorunması üçün qabaqlayıcı tədbirlər görüləcək, dövlət informasiya sistemləri və ehtiyatları müasir təhlükəsizlik standartlarına uyğun şəkildə inkişaf etdiriləcək.

“Hökumət buludu”, “açıq məlumatlar” və genişzolaqlı internet şəbəkələri genişləndiriləcək, 5G şəbəkələrinin qurulması və milli məlumat mərkəzlərinin inkişafı həyata keçiriləcək.

Konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarında daxili idarəetmə prosesləri təkmilləşəcək, dövlət xidmətləri rəqəmsal platformaya transformasiya ediləcək, iqtisadi fəaliyyətlər çevik uyğunlaşacaq, insan və texnoloji kapital ölkə daxilində saxlanılacaq və ölkənin dünya bazarlarında rəqabət qabiliyyəti artacaq.