Finss.az - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanına əsasən, ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsi tətbiq olunub.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) məlumatına görə, 31 dekabr 2024-cü il tarixinə qədər Fondun təqdim etdiyi zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara 549,5 milyon manat məbləğində kredit verilib. Ötən il ərzində isə 118,6 milyon manat kredit verilməsi təmin olunub.
Sahibkarlara maliyyə resurslarına çıxış imkanlarının artırılması və ödəniş yükünün azaldılması məqsədilə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, Fond tərəfindən 2018-2024-cü illərdə sahibkarlıq kreditlərinə 47,4 milyon manat məbləğində subsidiya verilmişdir.
Zəmanət verilmiş kreditlər üzrə bankların müəyyənləşdirdiyi orta faiz dərəcəsi 14,4% olsa da, subsidiya hesabına borcalanlar yalnız 6,2% faiz ödənişi həyata keçiriblər.
Bu kreditlər əsasən iqtisadiyyatın turizm və ictimai iaşə, ticarət, tikinti, kənd təsərrüfatı, sənaye sektorlarına, eləcə də sənaye məhsullarının istehsalı, qida sənayesi və maşın və avadanlıqların istehsalına yönəldilib.
Verilən kreditlər əsasında maliyyələşən biznes layihələri nəticəsində 6,5 mindən çox yeni iş yerinin açılması gözlənilir.