RƏSMİ

20 Dekabr

Dövlətin kitabxana və muzeylərin gəlirinə nəzarət etməsi təklif olunur

Finss.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin ötən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlara dəyişiklik layihəsi müzakirə edilib.

Komitə sədri Polad Bülbüloğlu bildirib ki, hazırkı qanunvericiliyə görə, kitabxana və muzeylər təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər və bu fəaliyyət nəticəsində əldə olunan vəsait onların sərəncamında qalır.

Təklif olunan dəyişikliklərə əsasən, dövlət kitabxanalarının və muzeylərin bu fəaliyyətindən əldə edilən vəsait, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun şəkildə istifadə ediləcək.

Deputatlar kitabxana və muzeylərin müasir tələblərə uyğunlaşdırılması, fondların zənginləşdirilməsi, turizmlə əlaqələndirilməsi və bu sahədə dövlət-özəl tərəfdaşlığının tətbiqi ilə bağlı fikirlərini səsləndirib, təklif olunan dəyişikliklərə dair rəylərini bildiriblər.

Qeyd olunub ki, sənəd, mədəniyyət müəssisələrinin büdcədənkənar gəlirlərinin idarə olunmasında mövcud qanunvericilikdəki ziddiyyətləri aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qanun layihəsi birinci oxunuşda müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.