RƏSMİ

17 Oktyabr

Prezident İlham Əliyev Füzulinin azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin növbəti ildönümü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

“Zəfər tariximiz - Füzulinin Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.

2020-ci ilin 27 sentyabrından 17 oktyabr tarixinə qədər davam edən Füzuli döyüşləri, Vətən müharibəsinin ən ağır mərhələlərindən birinə təsadüf edir. Düşmən çox sayda canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalıb. Əməliyyatlar zamanı Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir, Ermənistan ordusu isə ciddi itkilər verir.

Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsini təmin edib. Döyüşlərin son fazası öncəsi, 16 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edib. Nəticədə, Füzuli şəhəri bir neçə istiqamətdən mühasirəyə alınıb.

16 oktyabr gecəsi başlayan şiddətli döyüşlər nəticəsində Azərbaycan Ordusunun əzmi ilə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi sayəsində 44 gün ərzində işğal altındakı ərazilər, o cümlədən Füzuli, düşməndən təmizlənərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şuşanın 8 noyabrda azad edilməsi müharibənin dönüş nöqtəsi oldu və Şuşa əməliyyatı Azərbaycan ordusunun hərbi bacarığının və strateji düşüncəsinin simvoluna çevrildi.

Cəmi 6 gün sonra, 16 noyabr 2020-ci ildə, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər edərək, şəhərdə Azərbaycan bayrağını dalğalandırdılar.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Ermənistana davamlı sülh təklif etsə də, Ermənistan bu təklifi geri çevirib və ərazilərimizdə terror aktları və təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycan antiterror tədbirləri həyata keçirib və erməni separatçı qüvvələrini 24 saatdan az müddətdə təslim olmağa məcbur edib.

Nəticədə, erməni silahlı qüvvələri tam şəkildə tərksilah edilib, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib, separatçıların rəhbərləri həbs olunub və Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edib.