RƏSMİ

21 Avqust

Bakıda İcra Hakimiyyətləri başçılarına ciddi xəbərdarlıq edilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin vəziyyəti müzakirə olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Finss.az-a verilən məlumata görə, ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib. Şəhərdə əhalinin həyat və mədəni səviyyəsinin artması ilə yanaşı, geniş miqyaslı quruculuq işləri həyata keçirilir.

Müşavirədə şəhər ərazisində həyata keçirilən işlərin monitorinq nəticələri müzakirə edilib. Son dövrlərdə Binəqədi və Yasamal rayonlarında pozitiv dəyişikliklərin müşahidə olunduğu qeyd edilib. Şəhərdə aparılan əsaslı təmir və abadlıq işlərinin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qanunsuz tikililərlə bağlı məsələlər də ciddi müzakirə olunub. Rayonlarda aparılan monitorinqlərin nəticələri və görüntüləri iştirakçılara təqdim edilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək ölkə başçısının məmurlara qarşı qoyduğu ciddi tələbləri xatırladıb. O, məmurlardan təmiz əllərlə işləməyi və təvazökar olmağı tələb edib. Lakin, bəzi neqativ halların davam etdiyi vurğulanıb. Rayon İcra Hakimiyyətləri başçılarına ciddi xəbərdarlıq edilib və təcili tədbirlərin görülməsi tələb olunub. Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələr bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.