RƏSMİ

08 İyul

Prezident İlham Əliyev hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı fərmanda dəyişiklik etdi

Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fins.az xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci, 5-1.8-ci maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) və beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində və 11.3.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 11.3.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

Həmin Qanunun 5-1.8-ci maddəsində və 7-2.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

Həmin Qanunun 5.8-ci maddəsində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) və beşinci cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

Həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü və dördüncü (birinci və ikinci hallarda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunun 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.