RƏSMİ

19 Yanvar

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak və çıxış edib.

Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Zirvə Görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.

Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub.

Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb.

Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.

Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.

Fuad Mədətov
Fins.az