"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində gənclərin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.
Fins.az Modern.az-a istinadən xəbər verir ki, Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 9 fevral 2015-ci il tarixli, 8 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2015-2016-cı tədris ilində gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətlər üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.
Prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaqdır. Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcək. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər.
Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar.
Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə hazırlıq işləri həyata keçirməkdədir və 2015-2016-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ən qısa zamanda ictimaiyyətə əlavə məlumat verəcəkdir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaq.
“Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə qəbul olunmuş və dövlət başçısının xüsusi qayğısı ilə gerçəkləşdirilən Dövlət Proqramı dünyada çox az təsadüf olunan unikal layihədir. Müvafiq ekspertlər ölkənin prioritet ixtisaslar üzrə kadr potensialına olan ehtiyacının ödənilməsi baxımından bu layihənin əhəmiyyətini yüksək dəyərləndirirlər”-deyə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, ötən tədris ilində 573 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış Dövlət Proqramı təqaüdçüləri siyahısına daxil edilib. Ötən ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 310 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.
Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, ötən il 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində indiyədək 3185 təqaüd dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün ayrılıb.
***
Azərbaycan gənclərinin 2015/2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə muəyyən edilmiş xaricdə təhsil proqramının prioritet İXTİSAS İSTİQAMƏTLƏRİ:
Birinci dərəcəli prioritet ixtisas istiqamətləri:
- Antropologiya;
- Baytarlıq;
- Biologiya;
- Fizika;
- Kənd təsərrufatı;
- Kimya;
- Qədim dillər;
- Mühəndislik;
- Riyaziyyat;
- Sənaye;
- Tibb;
- Yüksək texnologiyalar.
İkinci dərəcəli prioritet ixtisas istiqamətləri:
- Ekologiya;
- İqtisadiyyat;
- İnsan resurslarının idarəolunması;
- Mədəniyyət və incəsənət;
- Təhsilin təşkili və idarəolunması;
- Turizm.
***