30 Oktyabr

Ehtiyatlı kredit götürmə qaydası: NƏ QƏDƏR QAYTARA BİLƏRİK?

Azərbaycanda banklar istehlak kreditlərini bir qədər sərtləşdrsələr də banklardan kredit alan müştərilər kifayət qədərdir. Əvvəllər olduğu kimi, müştərilərin bir hissəsi hələ də kredit alanda öz imkanlarını düzgün qiyətləndirmir və nəticədə sonradan çətin vəziyyətə düşür. Belə halların azalması üçün müştəri hər ay nə qədər ödəniş edə biləcəyini əvvəlcədən ölçüb-biçməlidir. Fins.az "VF AzərKredit"ə istinadən ehtiyatlı kredit götürməyin qaydalarını təqdim edir. Bu qaydalar Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən həyata keçirilən beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanıb və ondan dünyada milyonlarla insan faydalanır.

Mənim nə qədər borc almağa gücüm yetər? Kredit götürən şəxs ilk növbədə hər ay nə qədər pul qaytara biləcəyini dəqiqləşdirməlidir. Bunun üçün aşağıdakı qaydalar var.

1. Hər ay qənaət edərək yığa bildiyiniz məbləği düzgün hesablamağı öyrənin

- Aylıq qənaət etdiyiniz məbləğlər sizin gəliriniz və xərcləriniz arasındakı fərqdir

- Yalnız alacağınızdan əmin olduğunuz gəlirləri hesaba alın

- Hər ay xərclərinizi qeydə alın

- Təsadüfi və mövsümi ailə və ya şəxsi xərcləri nəzərə almağı unutmayın

2. Özünüzlə dürüst olun

– gəlirlərinizi şişirtməyin, xərcləri real əks etdirin

- gəlirləri aşağı rəqəmə yuvarlaqlaşdırın, xərcləri isə yuxarı rəqəmə

3. Aylıq kredit ödənişləri sizin aylıq qənaət etdiyiniz məbləğin 70%-dən çox olmamalıdır.

Məs. əgər gəliriniz = 1000 manat və xərcləriniz = 800 manatdırsa, o zaman qənaət etdiyiniz məbləğ = 200 manat təşkil edir. Bu zaman kreditə görə ödəyə biləcəyiniz maksimal aylıq məbləğ = 140 manatdır.

4. Gəliriniz hansı valyutadadırsa, həmin valyutada kredit götürməyə çalışın. Xarici valyutada götürdüyünüz kreditin faiz dərəcəsi aşağı olar bilər, lakin burada məzənnə riski vardır. Yəni, əgər həmin valyutada gəlir əldə etməzsəniz, iki valyuta arasındakı məzənnə fərqi sizin əleyhinizə dəyişərsə, müqavilə bağlayarkən düşündüyünüzdən daha çox ödəyə bilərsiniz.