Yaxın illərdə Azərbaycanda iqtisadi artımın azı 6-7% həddində saxlanılmasına ehtiyac var və bu baxımdan özəl sektorun inkişafı üçün görüləcək işlər çoxdur. Fins.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən qiymətli kağızlar bazarı haqqında yeni qanunun ictimaiyyətə açıqlanması ilə bağlı təqdimat mərasimində Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl Sektor üzrə ölkə əlaqələndiricisi Anjela Priqojuna deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda özəl sektorun ixracda payı 10%-dir. Halbuki Ukraynada bu nisbət 54%, Avropa ölkələrində isə 57-60%-dir.
Anjela Priqojuna deyib ki, özəl sektorun inkişafı, ixrac imkanlarının artırılması üçün qeyri-neft sektorundakı şirkətlərin maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilməlidir: “Bu baxımdan kapital bazarlarının inkişafı çox vacibdir. Maliyyə sektoru öz potensialını genişləndirməlidir, çünki dövlət neftdən əldə edilən gəlirlərə qənaət etmək istəyir. Biz Dünya Bankı olaraq Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Mərkəzi Bankı ilə maliyyə dayanıqlığının artırılması üçün sıx əməkdaşlıq edirik”.
Onun sözlərinə görə, hazırda Dünya Bankı Azərbaycan Hökuməti ilə birgə kapital bazarlarının müasirləşdirilməsinə dair birgə layihə həyata keçirir: “Bu layihənin dəyəri 16 milyon dollardır. Bunun 12 milyon dollarını Dünya Bankı 27 il müddətinə kredit kimi ayırıb. Bundan başqa İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 1,6 milyon dollar qrant, eləcə də hökumət özü 2,4 milyon dollar layihəyə pul ayırıb.2016-cı il iyulun 1-də bu layihənin icrası başa çatdırılacaq”.