Bu ilin fevral ayında Azərbaycanda baş vermiş devalvasiya “Qafqaz İnkişaf Bankı”nı genişlənmək planlarından əl çəkməyə vadar edib. Bu barədə fins.az-a açıqlamasında bankın Kredit Departamentinin direktoru İlkin Yusubov məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi bank Azərbaycanın bəzi bölgələrindən yeni filiallar açmaq istəsə də, bank sektorunda gəlirliliyin azalması bu planların təxirə düşməsinə səbəb olub: “Bizim hazırda yalnız Gəncə və Sumqayıtda filialımız var. Amma istəyirdik ki, başqa bölgələrdə də (şimal, cənub və s.) təmsil olunaq. Əvvəlki kimi aktiv kreditləşmə dövrü olmadığından hələ ki, yeni filialların açılması məsələsi qalıb”.
“Rusiyadakı vəziyyət də bizə problem yaratdı”
İlkin Yusubov deyir ki, digər banklarda olduğu kimi “Qafqaz İnkişaf Bankı”nda da devalvasiyadan sonra kredit ödənişlərində gecikmələr var: “Dollarla kredit götürmüş müştərilər əvvəlki kimi ödəniş edə bilmirlər. Biz bəzilərinin kreditini restruktizasiya da etdik, yəni faizləri azaltdıq, müddəti artırdıq, amma yenə də normal ödəmirlər”. Amma “Qafqaz İnkişaf Bankı”na Azərbaycanla yanaşı Rusiyada iqtisadi vəziyyətin çətinləşməsi də problem yaradır: “Biz vaxtı keçmiş istehlak kreditləri ilə bağlı araşdırma apardıq, məlum oldu ki, xeyli sayda müştərimizin əsas gəliri Rusiyadandır. Yəni, yaxınları orda işləyirdilər və Azərbaycana pul göndərirdilər. İndi o pullar azalıb deyə vaxtında banka ödəniş edə bilmirlər”.
İlin ilk yarısından mənfəətlə çıxıb
Bununla belə, “Qafqaz İnkişaf Bankı” bu ilin 1-ci yarısını mənfəətlə başa vurub. Bankın açıqladığı maliyyə hesabatına əsasən, 1-ci rübün yükununda əldə edilmiş xalis mənfəət 3,4 milyon manatdan çox olub. Elə bunun hesabına bank 2-ci rübdən də mənfəətlə çıxıb.
Əmanət və kredit faizləri azalıb
Azərbaycanda əmanət və kredit faizlərinin azaldılması prosesindən “Qafqaz İnkişaf Bankı” da kənarda qalmayıb. İlkin Yusubovun sözlərinə görə, son vaxtlar bankın qəbul etdiyi əmanət faizləri 13-14%-dən 10-12%-ə endirilib. Çünki, Mərkəzi Bankın tövsiyyəsinə uyğun olaraq kredit faizləri də azaldılıb: “Bizdə əvvəllər istehlak kreditləri 32-34%-lə verilirdi. İndi bu rəqəm 20-28%-dir. Biznes kreditlər isə 28%-dən 22-24%-ə endirilib. Həmçinin komisyon haqqını da başqa banklar kimi 1%-ə salmışıq”.