30 Oktyabr

Bir bankın kartının digər bankların bankomatlarında istifadəsi ucuzlaşacaq

Azərbaycan Banklar Assosiasiyası (ABA), bir bankın kartının digər bankların bankomatlarında istifadəsi zamanı komissiya xərclərinin azaldılmasına nail olmağı hədəfləyir. Fins.az-ın xəbərinə görə, bunu ABA-nın rəhbəri Zakir Nuriyev deyib.

“Hazırda bir bankın kartı digərlərinin bankomatlarında istifadə edilərkən komissiya xərci 1,5 faiz təşkil edir. Kart sahiblərinin istənilən bankın bankomatlarından rahat istifadə edə bilmələri üçün komissiya xərclərini azaltmaq istəyirik”.

O, əmin olduğunu bildirib ki, banklarla danışıqların yekunu üzrə komissiya həcminin azaldılması barədə razılaşma əldə ediləcək: “İlk növbədə, bankların qurğuların alınması və bankomatlara xidmət göstərilməsi üzrə xərclərini nəzərə alaraq, onlar üçün məqbul stavkanı hesablamaq lazımdır. Xeyli sayda bankomatları olan bankın xərcləri də çoxdur. Buna görə də bank xərclərini ödəmək üçün tariflərini optimallaşdırır”.

Z.Nuriyev əlavə edib ki, ABA bir regionda yerləşən bankların müxtəlif filiallarına valyuta vəsaitlərinin mərkəzləşdirilmiş tədarükü üçün xüsusi struktur yaratmağı təklif edib: "Bu, banklara inkassasiya xərclərini azaltmağa kömək edəcək".

Mənbə: "Trend"