Oktyabrın 1-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. ABA-dan fins.az-a verilən məlumata görə, tədbirdə Rəyasət Heyətinin üzvləri ilə yanaşı, bir sıra kommersiya banklarının rəhbərləri iştirak ediblər. İclasda Assosiasiyanın 2016-2020-ci illər üzrə Strateji İnkişaf Planının layihəsi müzakirə edilib və 2015-ci ilin 4-cü rübü üzrə İş Planı təsdiq olunub.
Həmçinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mövcud olan bəzi uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Assosiasiyaya daxil olan təkliflərin Dövlət Sosial Müdafiə Fonduna, eləcə də məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin Ədliyyə Nazirliyinə ünvanlanması ilə bağlı müvafiq qərar qəbul olunub. Eyni zamanda, bankların xərclərinin azaldılması məqsədilə mərkəzləşdirilmiş qurumların yaradılması üzrə müzakirələrin aparılması üçün müvafiq işçi qrupların yaradılması qərara alınıb.