Yaxın vaxtlarda “Parabank”ın Bakıda 1, bölgələrdə isə 2 filialı fəaliyyətə başlayacaq. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib. Onun sözlərinə görə, paytaxtdakı filial metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında, bölgələrdəki filiallar isə Lənkəran və Tovuz rayonlarında olacaq: “Artıq həmin filiallar üçün yer müəyyən edilib və bununla bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət ediləcək. Qurumun razılığından sonra yeni filiallarımız işə düşəcək”.
Bundan başqa, “Parabank” yaxın 1 il ərzində Şamaxı və Xırdalan şəhərlərində yeni filiallar açmağı planlaşdırır. Rəcəb Hüseynov deyir ki, bu məsələ bankın 2014-2016-cı illəri əhatə edən strateji inkişaf planında nəzərdə tutulub.
Kredit faizlərini azaldıb
Azərbaycan banklarında kredit faizlərinin azaldılması tendensiyasından “Parabank” da kənarda qalmayıb. Rəcəb Hüseynovun sözlərinə görə, son vaxtlar AMB-nin tələbi əsasında xüsusilə istehlak kreditləşməsində faizlər əhəmiyyətli dərəcədə aşağı salınıb: “Məsələn, biz lombard kreditlərini illik 32-36%-lə verirdik. İndi isə 28%-lə götürmək mümkündür. Komisyon haqqının da 1%-ə qədər azaldıldığını nəzərə alsaq, kreditlərin faktiki illik faiz dərəcəsində təxminən 10% endirim edildiyini deyə bilərik. Bu da lombardların təklif etdiyi faizlə müqayisədə xeyli aşağıdır. Çünki, onlar borcu bəzən aylıq 10%-lə,yəni illik 120%-lə verirlər. Biznes kreditlərini isə “Parabank” illik 24%-lə verir.”.
Əmanət faizləri də azalıb
Kredit faizlərinin azaldılmasına parallel olaraq “Parabank” əmanət faizlərini də azaldıb. Rəcəb Hüseynovun sözlərinə görə, söhbət əsasən dollarla yerləşdirilən əmanətlərdən gedir: “Əvvəllər dollar əmanətlərini olaraq 10-12%-lə qəbul edirdik, hazırda bu rəqəm 8%-dir. Səbəbi odur ki, xarici valyuta ilə bağlı risklər böyükdür, üstəlik dollarla qəbul edilmiş vəsaitlərin bazarda yerləşdirilməsi çətindir, çünki əhali daha çox manatla kredit götürməyə üstünlük verir. Manatla əmanətlər əvvəlki kimi 12%-lə qəbul edilir. Risk amili nəzərə alınaraq hazırda bank 3 ildən artıq müddətə əmanət qəbul etmir. Vaxtilə bu müddət 8 il olub”.