“Günaybank” yaxın 3 ildə yeni filiallar açmaq niyyətindədir. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin üzvü Sabir Ağayev deyib. Onun sözlərinə görə, bu məsələ “Günaybank”ın 2016-2018-ci illəri əhatə edən strateji inkişaf planında nəzərdə tutulub: “Keçən il biz Bakının Yasamal rayonunda, Tbilisi prospektində ilk filialımızı açdıq. Amma bu, son olmayacaq. Yeni filialların açılması planlaşdırılır. Paytaxtda da ola bilər, bölgələrdə də açıla bilər, hələ ki, dəqiq məlum deyil”.
Bank həm də istehlak kreditləşməsini inkişaf etdirməyi, bu bazarda böyük pay sahibi olmağı planlaşdırır: “İndi də istehlak kreditləri veririk, məişət əşyaları almaq istəyənlərə pul ayırırır, amma bu işi bir qədər də inkişaf etdirməyi planlaşdırırıq”.
Kredit faizlərini azaldıb
“Günaybank” yaxın vaxtlara qədər kreditləri illik 30-36%-lə ayırsa da, hazırda faiz dərəcələri 18-20%-ə qədər azaldılıb. Sabir Ağayev deyir ki, bank hazırda əsasən dollarla kredit ayırır: “Manatla kredit azdır, çünki əmanətlərin 64%-i dollarda saxlanılır. Devalvasiyadan əvvəl əmanət portfelinin yarıdan çoxu manat idi, ona görə manatla rahat kredit vermək olurdu”.
Problemli müştəriləri yox dərəcəsindədir
“Günaybank” rəsmisi bankın vaxtı keçmiş kreditləri barədə də danışıb və bu nisbətin heç 1%-ə belə çatmadığını bildirib: “Bizim kredit portfelimiz 100 milyon manat olsa da, vaxtı keçmiş kreditlərimizin məbləği 20-25 min manatdan çox olmaz. Əsasən təminatlı kreditlər verdiyimiz üçün nadir hallarda müştərilərlər problemlər yaranır”.
Onun sözlərinə görə, vaxtında ödəniş etməyən müştərilərlə məsələni bank əsasən məhkəmə yolu ilə həll edir: “2 müştərimizi məhkəməyə vermişik, onlardan biri sahibkar idi, 7 min avro pul götürmüşdü, indi ölkədə yoxdur, qaçıb gedib. Bir nəfər də var, 5 min dollar götürüb, məhkəmə yolu ilə ölkədən çıxışına qadağa qoymuşuq, amma adamı məhkəmə icraçıları hec cür tapa bilmir”.