30 Oktyabr

Manatla ən ucuz kredit verən bank

Hazırda “Naxçıvanbank” ölkə bankları arasında manatla ən ucuz kredit verən bankdır. Bu barədə fins.az-a açıqlamasında “Naxçıvanbank”ın İnzibati Təşkilat Departamentinin rəhbəri Elşad Abdullayev məlumat verib. Onun sözlərinə görə, hazırda bankdan istehlak kreditlərini illik 18%-lə, biznes kreditlərini isə illik 15%-lə götürmək mümkündür: “Bizdə kreditlərin ucuz olması “Naxçıvanbank”ın regional bank olması ilə bağlıdır. Yəni, bizim məqsədimiz regional inkişafı dəstəkləməkdir, ona görə də, yüksək faiz dərəcələri tətbiq etmirik”.

“Əmanətçilərimiz elə də çox deyil”

Elşad Abdullayev bankın kreditləri əsasən öz kapitalı hesabına verdiyini bildirib. Onun sözlərinə görə, hazırda “Naxçıvanbank”da əmanətlər müddətindən illik 4-8%-lə qəbul edilir. Buna görə də, bankda əmanət yerləşdirənlərin sayı elə də çox deyil: “Biz kreditləşməni əsasən bankın öz imkanları ilə həyata keçiririk”.

“Naxçıvanbank” rəsmisi qurumun məcmu kapitalı barədə də açıqlama verib və 2-ci rübün yekunlarına əsasən, bu rəqəmin təxminən 50,4 milyon manat civarında olduğunu bildirib: “Bu da Mərkəzi Bankın tələbinə cavab verir”.

Müştəriləri azalıb

Bununla belə, son vaxtlar “Naxçıvanbank”dan kredit götürənlərin sayında azalma var. Elşad Abdullayevin sözlərinə görə, söhbət əsasən avtomobil kreditlərindən gedir: “Keçən il Mərkəzi Bankın tələbi ilə avtokreditlərlə bağlı tələblər müəyyən qədər sərtləşdi. Bu da kreditlə maşın alanların sayını azaltdı. Azalmada müəyyən qədərin də bazarın doyumluluğu amili var. Yəni, kimə avtomobil lazımdır, alıb, illərlə sürəcək. Buna görə də, avtokreditlər azalıb”.

Bank təmsilçisi deyir ki, kredit portfelindəki azalmanı aqrar sektorun hesabına aradan qaldırmaq istəyirlər: “Bank əkinçilik və heyvandaqlıq kimi sahələrə diqqəti yönəldib. Əsasən fermerlərə kredit verməklə əvvəlki göstəriciləri bərpa edəcəyik”.

Yeni filiallar aça bilər

“Naxçıvanbank”ın kredit porfelində azalma olsa da, bank xərcləri azaltmaq, işçilərini ixtisar etmək fikrində deyil. Əksinə bankın inkişaf strategiyasına uyğun olaraq gələn il Naxçıvan Muxtar Respublikasının ərazisində yeni filiallar açıla bilər: “Keçən il biz 3 filial açmışdıq. Naxçıvan şəhər, Culfa və Şərur rayon filiallarını müştərilərimizin ixtiyarına verdik. Ola bilsin ki, bir yeni filial da açdıq, amma vəziyyətə baxacağıq. Məsələn, indi Ordubad və Şahbuz rayonlarında filial yoxdur. Ordubadda yaşayanlar Culfadakı filialın xidmətindən istifadə edirlər. Ola bilsin ki, Ordubadda bir filialımız açılsın” – deyə İnzibati Təşkilat Departamentinin rəhbəri bildirib.

İstehlak kreditlərinin qaytarılmasında gecikmələr var

Elşad Abdullayev bankın problemli kreditləri barədə də danışıb və devalvasiyadan sonra yalnız istehlak kreditlərinin ödənişində gecikmələrin olduğunu bildirib: “Son vaxtlar bəzi iş yerləri bağlandı, ona görə də, istehlak krediti götürənlər vaxtında ödəniş edə bilmədilər, tədricən o kreditləri də yığırıq, ciddi problem yoxdur”.

Ümumiyətlə isə, Azərbaycanda manatın kəskin ucuzlaşdırılması “Naxçıvanbank”a ciddi problem yaratmayıb: “Naxçıvanda hesablaşmalar demək olar ki, ancaq manatladır. Dollarla nadir hallarda banka əmanət qoyulur, kredit verilir. Elə indi də belədir. Ona görə də, devalvasiyanın təsirini bir o qədər hiss etmədik”.