Azərbaycanın 2 regional bankından biri – “Gəncəbank” əmanətlər üzrə illik faiz dərəcələrini aşağı salıb. Bu barədə fins.az-a bankın İdarə Heyətinin sədri Əlvan Məmmədov bildirib.
Havayı faiz ödəmək istəmir
Onun sözlərinə görə, manatla qəbul edilən əmanətlər faizi 12-14%-dən 8-12%-ə, dollarla əmanətlərinin gəlirliliyi isə 10-12%-dən 6-8%-ə qədər azaldılıb: “Cəlb edilmiş vəsaitin bazarda yerləşdirilməsi ilə bağlı problemlər var, əvvəlki kimi aktiv kredit verilişi yoxdur, xüsusilə dollarla risk böyükdür, ona görə də daha aşağı faiz dərəcələri ilə əmanət qəbul etməyə qərar verdik”.
Əmanətlərdən söz düşmüşkən, devalvasiyadan sonra “Gəncəbank”ın əmanət portfelində dollar əmanətlərinin payı nisbətən artıb: “Deməzdim ki, kütləvi şəkildə əmanətlər dollarlaşdırılıb, amma artım var. Əvvəl portfelin 15-20%-ni dollar əmanətləri təşkil edirdisə, indi 20-25%-dir. Regionda daha çox manatla işləyirlər”.
Kreditləri də ucuzlaşdırıb
“Gəncəbank” əmanətlərə görə ödədiyi dividentlərə azaldandan sonra kreditləri də ucuzlaşdırıb. Əlvan Məmmədov deyir ki, yaxın vaxtlara qədər kreditlər illik 24-26%-lə ayrılırdısa, hazırda 22-24%-lə verilir. Azərbaycan Mərkəzi Bankının tövsiyyəsi ilə kreditlərə görə komisyon haqqının 1%-ə endirilməsi də öz yerində.
Problemli kreditləri 8%-dir
Hazırda “Gəncəbank” kredit portfelinin təxminən 8%-ni vaxtı keçmiş kreditlər təşkil edir. İdarə Heyəti sədrinin sözlərinə görə, bu nisbət Azərbaycandakı devalvasiyadan əvvəl də bu həddə olub: “Biz dollarla demək olar ki, kredit vermirik, kreditləşməni əsasən manatla həyata keçiririk, ona görə də, problemli portfeldə ciddi dəyişiklik olmayıb”.
Bankın problemli müştərilər arasında həm sadə vətəndaşlar, həm də biznes sektorunun nümayəndələri, xüsusilə ticarətlə məşğul olan fiziki və hüquqi şəxslər var. Onlarla “Gəncəbank”ın öz əməkdaşları iş aparır.
İxtisarlara getməyəcək
Devalvasiyadan sonra “Gəncəbank”ın kredit portfelində azalmalar olsa da, bank filiallarının və işçilərinin sayını azaltmaq niyyətində deyil. Əlvan Məmmədov deyir ki, hazırda bankın qarşısında duran məsələ əvvəlki göstəriciləri bərpa etməkdir. Buna görə də, ixtisarlara getməyəcəklər. Amma hələlik bankın genişlənmə planları da yoxdur.