30 Oktyabr

“Kapital Bank” səhmlərinin formasını dəyişir

Sentyabrın 16-da “Kapital Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, yığıncağın gündəliyində duran əsas məsələ “Kapital Bank” ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi olub.

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə “Qiymətli kağızlar bazarı haqqında” yeni qanun qüvvəyə minib. Həmin qanuna əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Həmçinin qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər.

Bununla əlaqədar olaraq qərara alınıb ki, “Kapital Bank”ın sənədli səhmləri sənədsiz səhmlər qiymətli kağız formasına keçirilsin. Bununla əlaqədar bankın nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alınıb. Həmçinin “Kapital Bank”ın Müşahidə Şurasının Əsasnaməsinə müvafiq əlavə və dəyişikliklər edilib.