30 Oktyabr

“Azər-Türk Bank” qaydaları dəyişir

“Azər-Türk Bank” kredit götürmək istəyən müştərilər qarşısında gəlirlə bağlı tələbləri dəyişib. Bu barədə fins.az-a bankdan məlumat verilib. Yenilik bankın səhmdarlarının dəyişməsindən sonra icrasına başlanılan yeni inkişaf strategiyası çərçivəsində tətbiq edilib.

Hər adama kredit vermir

“Azər-Türk Bank” hazırda nağd pul kreditini “Korporativ kredit” məhsulu çərçivəsində ayırır ki, burada da söhbət əsasən müştərinin əldə etdiyi gəliri rəsmi şəkildə təsdiq etməsindən gedir: “Hədəfimiz budur ki, maaşını bankla, əmək haqqı kartı ilə alanlar və yaxud əldə etdiyi gəlirləri rəsmi qaydada təsdiq etməyi bacaranlar bizdən kredit götürsünlər. Həmçinin icarə fəaliyyətindən gəlir əldə edirsə, bu gəliri də bank hesabından çıxarış yolu ilə təsdiqləməlidir. Bundan başqa, elektron hökumət çərçivəsində təqdim edilən arayışlar da rəsmi gəlirin sübutu kimi qəbul edilir” - deyə bankdan bildirilir.

Bundan başqa, bank "Həmkarım" layihəsi çerçivəsində bank sektorunda işləyənlərə də kredit ayırır.

Yeni filiallar açacaq

“Azər-Türk Bank” yeni filialların açılması, xidmət şəbəkəsinin genişləndirilməsi ilə bağlı işləri bundan sonra da davam etdirəcək. Bu il bank Yasamalda yeni filialını müştərilərinin ixtiyarına verib, Bakıdakı 5 Saylı “ASAN Xidmət” mərkəzində 1 saylı şöbəsini açıb. Bundan başqa, bəzi filiallar daha müasir binalara köçürülüb. Gələn il həm Bakıda, həm də regionlarda yeni filialların açılması istisna deyil.

Müştərilərinin həyatını daha sığortalamır

Azərbaycan Mərkəzi Bankının banklara komisyon haqqının 1%-ə endirilməsi ilə bağlı tövsiyyəsindən “Azər-Türk Bank” da kənarda qalmayıb. Buna görə də bank hazırda müştərilərinin həyatının sığortalanmasına əlavə pul tutmur. Kredit götürənlərin başına gələcək istənilən hadisə ilə bağlı riskləri bank öz üzərinə götürüb: “Onsuz da son 20 ildə bizdə borcalanın həyatını itirməsi ilə bağlı problem olmayıb. Buna görə də, yalnız 1% komisyon haqqı tuturuq və bütün riskləri özümüz qarşılayırıq” - deyə bankdan bildirilir.

Xatırladaq ki, bundan əvvəl bank kredit verərkən müştəridən kreditin məbləğinin 1,5-2%-i qədər komisyon haqqı, əlavə olaraq kredit tarixçəsinin əldə edilməsinə və müştərinin həyatının sığortalanmasına görə pul tuturdu. Son nəticədə kreditin xərci onun 3-4%-i civarında olurdu.