Bank müştərilərinə zamin dayananlar və ya əmlaklarını kiminsə xeyrinə girov qoyanlar ehtiyatlı olmalıdırlar. Bankda kiməsə zamin durmazdan və yaxud öz əmlakını başqasının xeyrinə girov qoymazdan əvvəl bir neçə məsələni nəzərə almaq lazımdır. Bu barədə fins.az-a açıqlamasında “Bank VTB (Azərbaycan)”ın Pərakəndə biznes idarəsi rəisi Nizami Mehtiyev bildirib. Onun sözlərinə görə, bankdan kredit götürən şəxslə onun bu krediti qaytaracağına zəmanət verən şəxs bank qarşısında eyni öhdəliyi daşıyırlar. Odur ki, zamin ilk növbədə bilməlidir ki, borcalan banka ödənişi vaxtında etməsə, ona görə məsuliyyət daşıyacaq.
“Ən yaxın, amma tam inandığınız insan olsun”
Yəqin oxucuların əksəriyyəti belə halla rastlaşıb – yaxın tanışlar, onlardan zamin dayanmağı xahiş edirlər. Bəzən xahiş olunan tərəf münasibətləri nəzərə alaraq buna razılaşır. Amma mütəxəssislər ehtiyatlı olmağı məsləhət görürlər. N.Mehtiyev zamin durmaq istəyən şəxslərə tövsiyyə edir ki, yalnız ən yaxın adamlara, əsasən qohum-əqrəbaya, ən əsası uzun illər boyu tanıdıqları, inandıqları şəxslərə zamin dursunlar. Amma istənilən halda borcalanın ödəniş qabiliyyətini dəqiq analiz etsinlər: «Doğrudur bunu bank da edir, amma yaxşı olaraq ki, zaminlər də həmin adamın karyera imkanlarını, iş yerindəki vəziyyəti, işdən azad edilmə, ixtisara düşmə ehtimalının olub-olmamasını, iş yerinin bağlanıb-bağlanmayacağını bəri başdan bilsinlər».
Kredit tarixçəsi təkcə bank üçün deyil
Bank kiməsə borc verərkən müştərinin kredit tarixçəsini onu razılığı ilə əldə edir. Bu tarixçə ilə zaminlər də tanış ola bilər - zamin durduqları adamın ödənişləri vaxtında etməyə yoxsa gecikdirməyə meyli olduğunu yoxlamaq üçün: «Əgər borcalan indiyə qədər götürdüyü kreditləri vaxtında ödəməyibsə, yəni gecikməsi çoxdursa, əmin olun ki, sabah bu bankda da belə edəcək və zamin kimi sizi tez-tez narahat edəcəklər».
Zaminə kredit vermirlər
Kiməsə zamin durmaq öz adına kredit götürmək imkanlarını da məhdudlaşdırır. Yəni, sabah bu və yaxud başqa bankdan borc almaq istəsəniz zamin durduğunuz adamın borcu da sizin öhdəliyiniz kimi qiymətləndiriləcək. Deməli, siz imkanlarınıza uyğun deyil, onun yalnız bir hissəsi qədər kredit götürə biləcəksiniz.
Evi girov qoymağa bütün ailə razılıq verir
Nizami Mehtiyevin sözlərinə görə, başqasına zamin durmaqla yanaşı başqasının xeyrinə əmlak girov qoymaq barədə də ciddi düşünmək lazımdır. Məsələ ondadır ki, adətən əmlak girovluğu ilə verilən kreditlər iri məbləğlər olur: «Yəni, evinizin bazar dəyərinin yarısı qədər yüklənə bilərsiniz və sabah ödənişdə problem olsa evi əldən verməmək üçün həmin böyük məbləği ödəməli olacaqsınız». Bundan başqa, mənzil banka girov qoyulursa orda qeydiyyatda olan şəxslərin, yəni ailə üzvlərinizin yazılı razılığı tələb olunur. Bu da o deməkdir ki, sabah bank evinizi müsadirə etməyə qərar versə, ailə daxilində söz-söhbət yaranacaq. Amma müşahidələr göstərir ki, Azərbaycanda nadir hallarda əmlak zaminin əlindən alınır. Əksər hallarda borc ödənilir ki ev əldə çıxmasın. Əks təqdirdə ev hərrac yolu ilə satılır, borc ödənilir, qalan məbləğ isə əmlak sahibinə çatır. Yeri gəlmişkən, qeyd edək ki, belə hadisələrin biri bu günlərdə baş verib.
“Zaminlərin şəklini çəkirik”
Bəzi hallara zaminlər məsuliyyətdən yayınmaq üçün bəhanələr gətirə bilərlər. Amma bilməlidirlər ki, borcalan onlara problem yaratsa vəziyyətdən istənilən halda çıxış yolu olmayacaq. Yəni borcu ödəmək lazım gələcək. Bank mütəxəssisləri bu halda zaminə yalnız onu deyirlər ki, müqaviləyə imza atmazdan əvvəl yaxşı-yaxşı fikirləşmək lazımdır. “Ya da sizin vəkiliniz o qədər güclü olmalıdır ki, bankı sizin müqaviləyə imza atmağa məcbur edildiyinizi inandıra bilsin” – deyə Nizami Mehtiyev qeyd edir. Onun sözlərinə görə, təmsil etdiyi bank zaminliyə gəlmiş şəxsin hətta şəklini də çəkir ki, sonradan onun adından istifadə edildiyi barədə bəhanə gətirməsin: “Onu da nəzərə alırıq ki, bəlkə kimsə zaminə oxşayan şəxs onun sənədini ələ keçirərək yerinə qol çəkir. Buna görə də zaminin şəklini çəkirik ki, sabah deməsin mən deyildim”.
Bank 3 ay gözləyib işə başlayır
Azərbaycanda banklar kreditə görə vaxtında ödəniş etməyən müştərini maksimum 90 gün gözləyirlər. Bu müddət ərzində onun banka borcuna görə faiz, dəbbə pulu hesablanır. 3 aydan sonra isə həm borcalan, həm də onun zamini məhkəməyə verilir və hüquqi yolla kreditin ödənilməsi tələb olunur.