30 Oktyabr

Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 mlrd. manat kredit alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Mərkəzi Bankdan (AMB) 1,8 milyard manat kredit alacaq. Fins.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə məlumat verib. Şrkət rəhbəri bildirib ki, Mərkəzi Bankın SOCAR-a kredit ayırması ilə bağlı hökumətin qərarı var və hazırda bununla bağlı işlər aparılır.

Ayrılacaq kreditin 1,2 mlrd. manatı "Azərikimya" İB və Heydər Əliyev adına Neft Emalı Zavodunun moderləşdirilməsinə, 600 mln. manatı isə 3 il müddətinə şirkətin qazma proqramları üçün cəlb ediləcək.

SOCAR prezidenti "Azneftyağ" zavodunun köçürülməsi istiqamətindəki işlərdən də danışaraq bildirib ki, işlər sürətlə aparılır. Onun sözlərinə görə, bu ilin souna artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və "Azneftyağ" zavodunda olan yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: "2018-ci ilin sonuna zavodların moderləşməsi işini başa çatdırıb, "Avro-5" standartı ilə və yeni keyfiyyətli benzin və dizel istehsal ediləcək. Bununla da 2030-cü ilin ortalarına qədər benzin və dizelə olan tələbat bu zavodda həyata keçiriləcək və "Azneftyağ" zavodu da sökülərək, ərazisi Bakı bulvarına qatılacaq".

R.Abdullayev yeni bitum qurğusunun tikintisindən danışaraq bildirib ki, yeni qurğu tikilənə qədər mövcud qurğu işləyəcək və ölkədə bitum qıtlığı yaranmayacaq. Onun sözlərinə görə, yeni qurğunun tikintisi 2017-ci ildə başa çatacaq və bundan sonra hazırkı qurğunun istismarı dayandırılacaq.