“Dekabank” bu ilin fevral ayında Azərbaycanda baş vermiş devalvasiyadan sonra kreditləşməni məhdudlaşdırıb. Bu barədə fins.az-a açıqlamasında bankın Kredit departamentinin təmsilçisi Elvin Əmirov məlumat verib. Onun sözlərinə görə, hazırda bank yalnız məbləği 3-5 min manatı keçməyən istehlak kreditləri verir. Biznes kreditləri isə ümumiyyətlə ayrılmır: “Son vaxtlar biznes sahəsində risklər artdığına görə hələ ki, biznes kreditlərinin verilməsində maraqlı deyilik”.
Kredit şərtlərini dəyişəcək
Bununla belə, “Dekabank”da tezliklə biznes kreditlərinin bərpa olunacağını bildirirlər, amma yeni şərtlərlə. Elvin Əmirov deyir ki, hazırda iş adamların kreditlər illik 20%-lə, 24 aylıq müddətə ayrılır. Hazırda bank rəhbərliyi müddətin 36 aya artırılması, faiz dərəcəsinin isə 16-18%-ə qədər azaldılması barədə düşünür: “Məqsədimiz odur ki, sahibkarlara daha sərfəli şərtlərlə kredit verək, normal ödəsinlər”.
“Dekabank” avtokreditlərin də şərtlərini dəyişmək niyyətindədir. Elvin Əmirovun sözlərinə görə, yaxın vaxtlara qədər bank istehsal ili 1998-ci ildən bəri olan avtomobillər üçün kredit ayırırdı. Bundan sonra isə ən azı 2001-ci ilin istehsalı olan maşınları kreditə götürmək mümkün olacaq. Bundan başqa, köhnə avtomobillər üçün də kredit müddətinin 24 aydan 36 aya qədər artırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Dekabank” Azərbaycanda Rusiya istehsalı olan “LADA” markalı avtomobillərin kreditlə satışında əsas vasitəçidir. Amma bank avtokreditlərin də verilməsini dayandırdığı üçün onun Yasamaldakı “LADA” filialı əsas missiyasını neçə aydır ki, yerinə yetirmir. Filial yalnız indiyə qədər verilmiş kreditlərə görə ödənişləri qəbul etməklə məşğuldur.
Xaricdən mal gətirənlər vaxtında ödəniş etmir
Əksər banklarda olduğu kimi “Dekabank”da da devalvasiyadan sonra problemli kreditlər artıb. Belə ki, Azərbaycan manatı ucuzlaşana qədər bankda vaxtı keçmiş kreditlərin payı 7% civarında olub. Avqustun 1-nə olan məlumata görə isə bu nisbət 9,2% təşkil edib.
Elvin Əmirov deyir ki, problemli aktivlərin artması əsasən Azərbaycana mal idxal edən sahibkarların hesabına baş verib: “Biznes fəaliyyəti ilə məşğul olan müştərilərimiz var, onlar xaricdən nisyə mal alıb gətirmişdilər, dollar bahalaşandan sonra həmin adamların xarici öhdəlikləri manatla artdı, ona görə bir az çətinliklər yaşayırlar, bizə də ödənişlər gecikir”.