"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib.
Fins.az-ın "Marja"-ya istinadən məlumatına görə, "Fitch"in analitikləri qeyd edir ki, Azərbaycan bank sistemi neftin ucuzlaşması və devalvasiyanın təsiri amillərinin təzyiqi altındadır. Bu risklər nəticəsində banklar zərərlərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir. Agentlik hesab edir ki, neft ixracına əsaslanan Azərbaycan iqtisadiyyatında bu il 1,5%-lik geriləmə gözlənilir. Buna səbəb isə ölkənin bank sistemindəki aktivlərin keyfiyyətinin aşağı düşməsidir.
Pozitiv məqam kimi isə "Fitch", Azərbaycan tədiyyə balansının güclü olmasının hökumətə bank sisteminə likvidlik və kapital dəstəyi vermək imkanını göstərib.
Agentliyin bu hesabatına əsasən, iyul ayının əvvəlinə Azərbaycan Beynəlxalq Bankı (ABB) bank sektorunda 35% paya malikdir və minimum kapital adekvatlığı tələbnaməsini (12%) yerinə yetirib. İlin sonuna qədər ABB-də bir dəfə kapital qoyuluşu və dəyərdən düşən aktivlərin satışı ehtimal olunur.
KREDİTLƏRƏ ZƏİF TƏLƏB 2016-CI İLDƏ DƏ DAVAM EDƏCƏK
"Fitch" 2015-ci ildə bank sektorunun borc öhdəliklərinin artmayacağını proqnozlaşdırır. Analitiklər bildirirlər ki, kreditlərə olan tələbatın da zəifləməsi prosesi 2016-cı ildə davam edəcək. Bank sektorunun dəyərdən düşən aktivlərinin xüsusi çəkisinin ilin sonuna 10%-ə çatacağı gözlənilir. Aktivlərin əlavə dəyərdən düşməsinə səbəb isə xarici valyutada olan kredit portfelinin 43% təşkil etməsi ilə bağlıdır.
"Fitch"in ekspertləri hesab edirlər ki, bank sistemində valyuta tarazlığı pozulub. İyul ayının 1-nə depozit sahiblərinin 67%-i banklardakı vəsaitlərini xarici valyutaya konvertasiya edib. Buna görə də banklar milli valyutada müşahidə olunan gərginliyi azaltmaq üçün qısa valyuta mövqeyinin qorunmasına maraq göstərmir.
"MANATLA VƏZİYYƏT RİSKLİDİR"
“Azərbaycan iqtisadiyyatının inkişafı birbaşa neft ixracından asılıdır. Manatla bağlı vəziyyət də risklidir. Buna baxmayaraq, aqreqat depozitlərin səviyyəsi bu günə qədər sabit qalıb. Aidiyyatı qurumlar banklar üçün nəzərdə tutulan likvidliyi və kapital dəstəyini təmin edə bilərlər. Biz düşünürük ki, artan kredit itkiləri bir müddətdən sonra bir neçə bankın kapital vəziyyətinin pisləşməsinə səbəb ola bilər”, - deyə hesabatda vurğulanıb.
Bundan başqa, agentlik ekspertlərinin proqnozuna görə, 2016-cı ildə Azərbaycanın bank sektorunda kreditə olan tələbat azalacaq.