30 Oktyabr

İnsanlar devalvasiyadan sonra nəyə görə kredit götürür? - ARAŞDIRMA

Devalvasiyadan sonra, kredit məsələsində banklarla yanaşı, vətəndaşlar da ehtiyatlı davranmağa başlayıblar. Fins.az xəbər verir ki, manatın iki dəfə ucuzlaşmasına qədər insanlar az qala istənilən problemi kreditlə həll etdikləri halda, indi vəziyyət dəyişib. Dollar kreditlərilə bağlı problemlər, iş yerlərinin və maaşların azalması, ixtisarlar, bəzi yerlərdə isə ixtisar təhlükəsi Azərbaycan vətəndaşlarını kredit məsələsində çox ehtiatlı olmağa vadar edib. Artıq insanlar problemlərini mümkün qədər kredit olmadan, öz gücləri ilə həll etməyə çalışırlar.

Banklar böyük gəlir götürürdü

İndi geriyə dönüb təqribən iki il əvvələ baxanda bankların həmin vaxt əsl «qızıl dövrü» yaşadığını demək olar. Yüksək faiz dərəcələri ilə verilən kreditlər, optimist və ehtiyatsız müştərilər və istənilən səbəbə görə verilən kreditlər banklara böyük gəlirləri təmin edirdi. Banklarda bildirirlər ki, həmin vaxt insanlar bütün səbəblərə görə, kredit götürürdülər. İndi vəziyyət dəyişib.

«Toya gedirəm, kredit verin»

Kredit bumunun qızğın vaxtında Azərbaycan banklarından biri əhalinin ehtiyaclarını ödəmək üçün «toy xərci krediti» adlı məhsul yaratmaq fikrinə düşmüşdü – bankda deyirdilər ki, bu məhsuldan toya nəmər salmağa pulu olmayanlar istifadə edəcəklər. Həmin vaxt belə məhsulların yaranmasının səbəbi kreditə olan kütləvi tələbat idi.

Banklarda bildirirlər ki, devalvasiyadan əvvəl müştərilər istənilən istehlak xərclərini qarşılamaq üçün kredit götürürdülər ki, bunlara səyahət və hətta toy xərclərini qarşılamaq üçün həyati əhəmiyyəti olmayan səbəblər də daxil idi. Əvvəllər kredit götürmək istəyənlərin əksəriyyəti, banklara ən çox məişət avadanlıqlarının, yeni telefonların, elektronika mallarının alınması, müalicə xərcləri, ev təmiri və s. məqsədlər üçün müraciət edirdilər.

Eləcə də, insanlar maksimum məbləğ götürüb istirahətə, dəbdəbəli xeyir işlərin keçirilməsi və ya mənzilin dəbdəbəli təmir olunması olunması istifadə edirdilər.

İndi kredit götürməkdən çəkinirlər

İqtisadi böhran və ABŞ dollarının məzənnəsinin kəskin artması isə kredit ödənişlərində problemlər yaratdı. Başlıca səbəb olaraq əhalinin əmək haqlarının, eləcə də bonus və mükafatların azalması oldu. Eləcə də, ailə üzvlərinin işdən azad olunması (işlədikləri şirkətin bağlanması, ixtisara düşməsi və ya öz hesabına məzuniyyətə buraxılması), gündəlik istifadə etdikləri tələbat malların qiymətlərin artması, müalicə xərclərin artması və s. Də insanları lüzumsuz xərclərdən saxlamağa başladı. Adamlar ödəyəcəklərinə əmin olmadıqları kreditlərdən imtina etməyə başladılar: «Adamlar yalnız çox vacib olduğu hallarda kredit götürürlər. Əvvəlkindən fərqli olaraq onlar bu krediti necə qaytaracaqlarını indi daha ciddi düşünürlər»-deyə bank işçiləri bildirir.

Mobil telefon “həvəskarları” azalıb

Nəticədə banklara kredit müraciətlərinin sayı kəskin azalıb. Ən çox azalan müraciətlər yeni mobil telefonların satışı ilə bağlıdır. Artıq kreditlə mobil telefon almaq istəyənlərin sayı qat-qat azalıb.

Xaricə səyahət üçün kredit götğürənlər də azı 3 dəfə azalıb. Məsələn, əvvəllər turizm məqsədilə kredit alanların sayı artıq idi: bəzi müştərilər ildə 2-3 dəfə xaricə gedir və bunun üçün hər dəfə kredit göürürdülər. İndi isə belələri kəskin azalıb. Əvvəla, indii həmin müştərilər xaricə bir neçə dəfə yox, 1 dəfə gedirlər. Digər tərəfdən bu məqsədlə kredit götürmək istəmirlər.

İndi bu məqsədlə kredit götürürlər

Hal-hazırda insanların kredit götürmək məqsədində əsasən 3 məsələ dayanır: Təhsil haqqı, digər borclarını ödəmək, toy xərcləri. Təhsil ilinin yaxınlaşması, bu sahədə kredit götürənlərin sayını çoxaldıb. Həmçinin devalvasiya olmasına baxmayaraq, toy- milli mənəvi dəyərlərimizdən hesab olunur, ona görə də insanlar bu amili heç cür ertələmirlər və lazım gəldikdə kredit üçün müraciət edirlər. Buraya həm toy mərasimini keçirtmək, həm də toya hədiyyə etmək (pul mükafatı) daxildir. Həmçinin, müalicə və cərrahiyyə əməliyyatının, eləcə də təmir xərcinin ödənilməsi üçün kredit götürmək istəyənlər də az deyil.

Valyutaya fikir verən yox idi

Digər mühüm nüans - devalvasiyadan öncə insanlar istənilən valyutada kreditin alınmasında və hətta paralel olaraq kredit kartların alınmasında maraqlı idilər. Müştəriləri vəsaitin hansı valyutada verilməsi maraqlandırmırdı – valyuta məzənnələrində sabitlik idi və ona görə də əsas məsələ pulu bankdan götürüb lazımi valyutaya çevirmək idi.Devalvasiyadan və dollar kreditləri ilə bağlı yaranan problemlərdən sonra isə kredit götürənlər ən çox milli valyutaya üstünlük verirlər.

Biznes kreditlərinin verilməsində də kəskin azalma hiss olunur. Bu növ kreditlərin dollarla götürürlməsi riskli hesab olunur. Ona görə də müraciət kəskin azalıb.

Kreditlərin məbləği də azalıb

Kreditlərin məbləği də azalıb. Bank əməkdaşları bildirir ki, əvvəllər müştərilər daha böyük məbləğlər üçün müraciət edirdilər. İndi isə belə deyil: «Məsələn, 8-10 min manat almaq üçün müraciətlər böyük idi. İndi isə 2-3 min manatla kifayətlənirlər».

Artıq banklar da kimə gəldi kredit vermirlər

Amma ehtiyat edən təkcə müştərilər deyil. Indi banklar da artıq hər müştəriyə kredit vermir. Yalnız gəlirləri yüksək olanlar kredit əldə edə bilirlər.Nəzərə alsaq mövcüd iqdisadi vəziyyətdə insanlar xərclərin azaldıb və banklarda borca girməkdən çəkinirlər və ya əksinə ərizə ilə müraciət edən müştərilərin borc yükün həddindən artıq olması səbəbindən banklar kreditin verilməsində maraqlı deyirlər.

Ümümilikdə, banklarımzda kredit verilməsində durğunluq yaranıb. Buna Maliyyə Bazarlarına Nəzarət Palatasının dollar və manat kreditləri ilə bağlı qərarları da təsir göstərib. Bu azalma özünü, Mərkəzi bankın kreditləşmə ilə bağlı son hesabatlarında da göstərdi. Belə ki, ölkə üzrə kredit portfeli bir ay ərzində 728,1 milyon manat və ya 3,1% azalıb.