30 Oktyabr

Şəxsi məlumatları sığortaçılara kim verir? – ARAŞDIRMA

Avtomobillərin icbari sığortası ilə bağlı sürücülərin şikayətləri artmağa başlayıb. Söhbət avtmobillərini icbari qaydada sığortalayan sürücülərin şəxsi məlumatlarının, o cümlədən mobil nömrələrinin yayılmasından gedir. Sığorta agentliklərindən fins.az-a verilən məlumata görə, son dövrdə bununla bağlı müştəri şikayətləri artmağa başlayıb.Sürücülər artıq avtmobillərini icbari qaydada sığortalayarkən mobil nömrələrinin müqaviləyə qeyd etmək istəmirlər.

Müştərimizə gündə 8-10 sığorta zəngi gəlir

Sığorta agentliklərindən verilən məlumata görə, fevral-mart aylarından etibarən belə şikayətlər xeyli artıb. Sürücülər şəxsi məlumatlarının, xüsusilə də mobil nömrələrinin müxtəlif şəxslərin əlinə keçməsindən çox narahat olmağa başlayıblar. Qarant sığorta agentliyinin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, mart ayından etibarən icbari sığortasız avtomobillərə görə cərimələrin artırılması sığorta satışı ilə məşğul olanları bir qədər də aktivləşdirib. Onun sözlərinə görə, sığorta şirkətlərinin nümayəndələri və agentlər müxtəlif vasitələrlə avtomobil sahiblərinin məlumatlarını mənimsəyib sığorta müqaviləsinin vaxtı bitmədiyi halda onlara ucuz sığorta təklifi edirlər. Bu isə müştərilərdə narazılıq yaradıb: “ Bizim əməkdaşlar müştəriyə müraciət edərək köhnə müqavilənin yenilənməsini təklif edirlər.Bu zaman sürücülər şəxsi məlumatlarının yayılmasından narazılıqlarını bildirirlər”. Onun sözlərinə görə, hər 10 müştəridən 7-nə sığorta ilə bağlı bezdirici zənglər gəlir. Gündə 8-10 sığorta təklifi ilə bağlı zəng qəbul edən müştəri artıq çarəsiz qalaraq müqaviləyə mobil nömrələrini qeyd etməkdən imtina edirlər. Bəzi hallarda isə işləməyən nömrə qeyd edirlər.

Sığortaçının özünə sığorta təklif edirlər

Bəzi hallarda isə hətta sığorta sahəsində çalışan insanlara da avtmobillərini sığortalamaq üçün zəng edirlər. Məsələn, “AzSığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Tural Şükürov fins.az-a bildirib ki, avtomobilinin icbari sığortası ilə bağlı ona bir neçə dəfə zəng vurulub. Zəng vuran satış nümayəndəsi onun sığortaçı olduğunu bilsə də, yenə də avtomobilini digər sığorta şirkətində sığortalamağı israr edib. Onun sözlərinə görə, adi müştərilərdən əlavə, hətta 30-a yaxın həmkarının da şəxsi məlumatları hansısa şəkildə sığorta satıcılarının əlinə keçib.

Sürücülərin şəxsi məlumatları necə ələ keçir?

Ekspertlərin sözlərinə görə, sürücülərin şəxsi məlumatları bir neçə yerdə ələ keçə bilər. Birincisi avtomobillərin icbari sığortası ilə bağlı şəxsi məlumatları İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində qeyd edilir.Digər tərəfdən avtomobillərin alqı-satqı prosesində icbari sığorta müqaviləsi də tələb edilir. Ekspert İ.İbrahimov fins.az-a bildirib ki, avtomobilin alqı-satqısı zamanı notariusda, qeydiyyata alınanda isə DYP-də icbari sığorta müqaviləsi tələb edilir. Avtomobil sahiblərinin şəxsi məlumatları, o cümlədən mobil nömrələri yalnız bu şəkildə sığorta agentinə və ya satış nümayəndəsinə ötürülə bilər.

Bezdirici sığorta zənglərindən necə xilas olmalı?

Ekspertlər bildirirlər ki, şəxsi məlumatlarının ələ keçməsindən və bezdirici sığorta zənglərindən xilas olmağın yegənə yolu kütləvi şəkildə polisə müraciət edilməsidir. İ.İbrahimovun sözlərinə görə, şikayətçilər ərizə ilə polisə müraciət etməli, məsələ Daxili İşlər Nazirliyində araşdırılmalıdır. Yalnız bu şəkildə şəxsi məlumatların ötürülməsinin qarşısı almaq olar