Avtomobillərin icbari sığortası ilə bağlı yeni dələduzluq faktları üzə çıxır. Bu dəfə saxtakarlıq halları köhnə sığorta müqavilələri ilə bağlıdır. Sürücülərin məlumatsızlığından istifadə edən saxtakarlar müştəridən köhnə sığorta müqavilələrini alıb, onun üzərində vasitəsilə düzəliş edib onu müştəriyə yeni müqavilə adı ilə satıblar.
Başqa şirkətin adından istifadə ediblər
Saxtakar sığorta agentləri izi itirmək üçün öz şirkətlərinə deyil, başqa sığorta şirkətinə aid müqavilələrin üzərində düzəliş edirlər. Avtomobil sahibi isə aldadıldığını ya yol polisi saxlayan zaman, ya da qəza baş verəndən sonra başa düşür. Nəticədə həm avtomobil sahibləri ziyana düşür. Digər tərəfdən, bəzi sığorta şirkətlərinin imicinə xələl gəlir.
Köhnə sığortanı saxtalaşdırıb müştəriyə qaytarıblar
Belə sığorta dələduzluğu hallarından biri ilə bağlı fins.az-a müraciət edilib. Qəbələ rayonu, Zarağan 2 kənd sakini Babək Cümşüdov fins.az-a etdiyi müraciətdə belə bir sığorta dələduzluğunun qurbanı olduğu deyib. Belə ki, 2014-cü ilin sentyabr ayında Bakıdan yeni avtomobil alıb. O, 90-RT-809 nömrəli “Hyundai Sonata” avtomobilini etibarnamə ilə alıb. Avtomobil əvvəlcə “Azsığorta” şirkətində sığortalı olub. Müqavilənin vaxtı bitdiyindən B.Cümşüdov avtomobili alan kimi icbari sığortasını yeniləmək istəyib. Bunun üçün «Şamaxinka» adlanan ərazidə “Mərd Petrol”da yerləşən “Axa MBASK” sığorta məntəqəsinə gəlib. Məntəqənin işçisi Zaur Babayev bütün sənədləri, o cümlədən köhnə sığorta müqaviləsini müştəridən alıb və 3 saatdan sonra gəlib şəhadətnaməni götürməsini deyib. Müştəri belə də edib, amma xəbəri olmayıb ki, Z.Babayev ona yeni müqavilə deyil, “Azsığorta”ya aid köhnə müqavilənin üzərində skaner vasitəsilə düzəliş etməklə saxta müqavilə təqdim edib.
Aldadıldığını yol polisi cərimələyəndə bilib
B.Cümşüdov aldadıldığını yalnız yol polisini onun avtomoblini saxladıqdan sonra bilib. Ötən il yanvar ayının 13-də Qəbələdən Bakıya gələrkən onu yolda saxlayan yol polisi avtomobilin icbari sığortasının olmadığını bildirib və B.Cümşüdovu buna görə cərimələyib. Sığorta müqaviləsinin isə saxta olduğunu deyib. B.Cümşüdov məsələ ilə bağlı sığorta şəhadətnaməsinin aid olduğu “Azsığorta” şirkətinə müraciət edib. Araşdırmadan sonra məlum olub ki, “Azsığorta”ya aid sığorta müqaviləsi “Axa MBASK” sığorta məntəqəsində saxtalaşdırılıb.
Saxtakar sığorta işçisi axtarışdadır
B.Cümşüdovun sözlərinə görə, məsələ ilə bağlı Nəsimi rayon Polis şöbəsində 2015-ci ilin iyun ayının 16-da cinayət işi açılıb. Sığorta dələduzluğu ilə məşğul olan Z.Babayev isə hələ də axtarışdadır. B.Cümşüdov saxtakarlıqla bağlı ona dəyən 500 manata yaxın ziyan ödənilməsini tələb edir. Belə ki, saxta sığorta müqaviləsinə görə yüz manat, yol polisinin cəriməsinə görə 50 manat ödəməli olub və bu müddətdə hər dəfə Bakıya gəlmək üçün xeyli yol pulu xərcləməli olub.
“AXA MBASK”: “Zaur Babayev işdən azad olunub”
Məsələ ilə bağlı “AXA MBASK” sığorta şirkətindən fins.az-a bildirilib ki, vasitəçilik xidməti göstərən hər bir agent sığorta agenti lisenziyasına malikdir. Agentin ofisi olduqda, o, bir qayda olaraq korporativ standartlara uyğun reklam vasitələri və avadanlıqla təmin olunur. Babək Cümşüdovun aldadılması ilə bağlı hal agent Vüqar Əliyevə aid satış məntəqəsində baş verib. Onun texniki işlərini yerinə yetirən işçisi Zaur Babayev belə bir saxtakarlığa yol verib. 2014-cü ilin sonlarında bu hal aşkar ediləndə isə Vüqar Əliyev buraxdığı nöqsanlara görə Zaur Babayevi işdən azad edib.
“Onun tapılması üçün hər cür dəstəyə hazırıq”
Həmin şəxsi bu günə kimi tapmaq və ya yerini aşkar etmək mümkün olmayıb. “AXA MBASK”dan bildirilib ki, sığorta ilə bağlı hər cür fırıldaqçılıq və saxtakarlıq hallarına qarşı mübariz olub və sözügedən halla bağlı açılmış cinayət işinin müsbət nəticələnməsi üçün hər cür dəstək verməyə hazırdır.
“Azsığorta”: “15-ə yaxın saxtakarlıq faktı aşkarlamışıq”
Sığorta saxtakarlığından ziyan çəkən təkcə Babək Cümşüdov deyil. Həm Bakıda, həm də regionlarda bu şəkildə aldadılan avtomobil sahibləri çoxdur. Adından icbari sığorta müqavilələri saxtalaşdırılan“AzSığorta” şirkətinin sığorta hadisələri departamentinin rəhbəri Tural Şükürov fins.az-a bildirib ki, bu birinci hal deyil: “Belə ki, ötən ildən indiyə kimi həm Bakıda, həm də regionlarda “Azsığorta”ya aid sığorta müqavilələrinin saxtalaşdırılması ilə bağlı 10-15 sığorta dələduzluğu aşkarlanıb”. Onun sözlərinə görə, aldadılan müştərilər sığorta şirkətinə müraciət edirlər. Amma prosesin uzanacağından çəkinib polisə müraciət etməkdən imtina edirlər.
Çıxış yolu sığorta dələduzluğunun Cinayət Məcəlləsinə salınmasıdır
Nəticədə qarşısı alınmadığına görə, belə hallar artır. Bu isə müştərilərə ziyan dəyməsi ilə yanaşı, sığorta şirkətlərinin imicinə də mənfi təsir edir. T.Şükürov deyib ki, sığorta dələduzluğu ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisə təkliflər verilib. Amma hələlik bununla bağlı hər hansı bir iş görülməyib. Sığorta dələduzluğu ilə bağlı halların aradan qaldırılması ilə bağlı əsas çıxış yolu bu təkliflərin (http://fins.az/sigorta/896538/Sigorta_deleduzlari_qanunla_cezalandirilmalidir___MAQALA.html) Cinayət Məcəlləsinə əlavə edilməsidir.