Azərbaycanda avtomobillərin icbari sığortasının kəskin artmasının səbəbi məlum olub. Fins.az-ın məlumatına görə, artımın əsas səbəbi yol polisinin istifadəsinə yeni avtomobillərin verilməsi olub. Xatırladaq ki, mart ayında Azərbaycanda icbari sığortalanan avtomobillərin sayı kəskin artıb. İcbari Sığorta Bürosundan (İSB) fins.az-a verilən məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə bu ilin eyni dövründə sığortalanan avtomobillərin sayı 2 dəfə yaxın artıb.Bir ayda Azərbaycanda icbari sığortalanan avtomobillərin sayı 109 842 ədəd olub. Bir ayda icbari sığorta müqavilələrinin sayında 59,1%, yığılansığorta haqlarının məbləğində isə 76,8% artım baş verib. Büro ilə yanaşı sığorta şirkətləri də, avtomobillərin icbari sığortasında xeyli artımın olmasını təsdiq edirlər. Şirkətlər bildirirlər ki, buna əsas səbəb sığortasız avtomobillərin radarla cərimələnməsi və avtomobillərin texniki baxışının başlamasıdır.
Sığortasız avtomobillərin qənimi – Sığorta radarı
“Azərsığorta” şirkətinin idarə heyətinin sədr müavini Aftandil Hacıyev fins.az-a bildirib ki, avtomobillərin icbari qaydada sığortalayanların artması cərimə qorxusu ilə bağlıdır. İnsanları yalnız cərimələrə görə avtomobillərini icbari sığortalamağa başlayıblar:“Hələlik statistik göstəricilər açıqlanmadığı üçün avtomobillərin icbari sığortasında artımı rəqəmlə demək mümkün deyil, amma hesab edirəm ki, əsas səbəb cərimələrin tətbiqidir”.
“Evlərin icbari sığortasında da cərimələr artırılsın”
İdarə heyətinin sədr müavini eyni təcrübənin daşınmaz əmlakın icbari sığortasında da tətbiq edilməsinin effektiv ola biləcəyini açıqlayıb: “Avtomobil sığortası ilə müqayisədə evlərin icbari sığortası elə də böyük vəsait tələb etmir. Bir illik ev sığortasına cəmi 30-50 manat ödəmək lazımdır.Amma evlərini sığortalayanlar demək olar ki, yoxdur. Onun sözlərinə görə, hazırki vəziyyətdə avotmobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlakın icbari sığortasında cərimələr artırılmalı və nəzarət mexanizmi olmalıdır. Məsələn, sözügedən cərimə radarlarını misal göstərmək olar”.
“Şirkətlər əlavə xərcə düşməmək üçün avtomobillərini sığortalayır”
Məsələ ilə bağlı “AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Ramil Abdullayev fins.az-a bildirib ki, avtomobillərin icbari sığortasında son müşahidə edilən artım əsas iki səbəblə bağlıdır. Belə ki, martın 1-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən icbari sığortasız avtomobilləri radarlar qeydə alır və avtomobil sahibi elektron formada cərimələnir. Cərimə qorxusu şirkətləri avtomobillərini təcili sığortalamağa vadar edib.Belə ki, gəlirlərin azaldığı şəraitdə şirkətlər cərimələrə görə əlavə xərcə düşmək istəmirlər. Hüquqi şəxslər daha çox bu səbəbə görə avtomobillərin sığortası üçün müraciət edirlər. R.Abdullayev bildirib ki, bununla yanaşı avtmobillərin texniki baxışı başlayıb. Adi sürücülər də texniki baxışdan keçmək üçün avtomobillərini icbari sığortalamağa can atırlar. Ümumilikdə, son bir ayda avtomobillərini icbari qaydada sığortalayanlar 30-35 % artıb.
“Bayrama görə rayonlara gedən sürücülər daha çox müraciət edib”
Sığorta şirkətləri ilə yanaşı sığorta agentlikləri də artımın müşahidə edildiyini bildirirlər.“Qarant Sığorta Agentliyi”nin rəhbəri Ramin Səmədov fins.az-a bildirib ki, Novruz bayramına qədər avtomobillərin icbari sığortası ilə bağlı müraciətlər 30 %-ə qədər artıb. Belə ki, bayramla əlaqədar rayonlara avtomobillərlə üz tutanlar radara düşməmək üçün avtomobillərini sığortalamağa başlayıblar. Bu da icbari sığortalananların sayında özünü göstərib