30 Oktyabr

Sığorta bazarları necə müqayisə olunur? - MƏQALƏ

Sığorta bazarlarını ölçmək və müqayisə etmək üçün beynəlxalq praktikada bir neçə metoddan istifadə edilir.

“Sığorta haqlarının həcmi” (Premium Income) sığorta bazarını ölçmək və digər bazarlarla müqayisə etmək üçün ən çox istifadə edilən metoddur. Bu metodla müvafiq müddət ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları toplanılır və ölkə üzrə ümumi sığorta haqqının həcmi müəyyən edilir. Ümumi sığorta haqlarının həcminə əsasən bir sığorta bazarını digər sığorta bazarı ilə müqayisə etmək mümkündür. Lakin, qeyd etmək lazımdır ki, bazarları müqayisə etmək üçün bu göstərici heç də əsl mənzərəni ortaya çıxartmır. Məsələn: Qeyri-həyat sığorta növləri üzrə yığılan ümumi sığorta haqlarının həcmi İsveçrə və Rusiya Federasiyası üzrə demək olar ki eynidir (~26-28 mlrd ABŞ dolları), lakin, İsveçrə sığorta bazarı Rusiya sığorta bazarından qat-qat çox inkişaf etmiş bazar sayılır. Buna görə də, sığorta bazarlarını müqayisə etmək üçün daha düzgün sayılan iki metoddan istifadə edilir. Bunlar “Sığorta sıxlığı” (insurance density) və “Sığortanın nüfusetmə faizi” (insurance penetration rate) metodlarıdır.

“Sığorta sıxlığı” (insurance density) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkənin əhalisinin sayına bölməklə hesablanır. Başqa sözlə desək, ölkə üzrə bir şəxs başına düşən ortalama sığorta haqqı sığorta sıxlığı hesab edilir və sığorta bazarları bu göstəriciyə əsasən müqayisə edilir.

Postsovet ölkələrini müqayisə etsək sığorta sıxlığı üzrə ən yüksək göstəricilər Baltikyanı ölkələrdə, ən aşağı göstərici isə Qazaxıstan istisna olmaqla digər Orta Asiya ölkələrindədir. Ümumiyyətlə bütün 15 postsovet ölkələri üzrə sığorta sıxlığı renkinqi aşağıdakı kimidir:

Müqayisə üçün qeyd etmək olar ki, bu rəqəm 2013-cü il üzrə İsveçrədə 6089 Avro, Böyük Britaniyada 3963 Avro, Almaniyada isə 2284 Avro təşkil etmişdir. (Mənbə: http://www.insuranceeurope.eu/)

“Sığortanın nüfuz etmə faizi” (insurance penetration rate) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkə üzrə Ümumi Daxili Məhsula (GDP) bölməklə hesablanır. Bu göstərici sığorta fəaliyyətinin ümumi ölkə iqtisadiyyatındakı əhəmiyyəti əks etdirir.

Postsovet ölkələri üzrə sığortanın nüfusetmə faizlərini müqayisə etsək aşağıdakı renkinq ortaya çıxır:

Müqayisə üçün qeyd etmək olar ki, 2013-cü il üzrə Ümumi Daxili Məhsulda sığortanın payı Böyük Britaniyada 12,6%, İsveçrədə 9,5%, Almaniyada isə 6,7% təşkil etmişdir (Mənbə: http://www.insuranceeurope.eu/).

Yuxarıda yazılanlara əlavə olaraq qeyd etmək lazımdır ki, hətta sığorta haqlarının həcmi, sığorta sıxlığı və sığortanın nüfusetmə faizi oxşar olan bazarlar belə sığorta təklifinə görə çox fərqli ola bilərlər. Bir sığorta bazarında bir-biri ilə güclü rəqabət aparan onlarca sığorta şirkəti, digərində isə əsas payı bir neçə şirkətin, və ya bir monopolist şirkətin əlində cəmləşmiş ola bilər. Bazarları müqayisə edərkənbazarın təmərküzləşməsi (market concentration) adlanan bu aspektə də diqqət etmək lazımdır.

Bazar üzrə təmərküzləşməni, başqa sözlə desək bazarda mövcud olan sığorta şirkətləri arasında rəqabət səviyyəsini ölçmək üçün Herfindahl indeksindən (Herfindahl-Hirschman Index və ya HHI) istifadə edilir.

Herfindahl indeksi aşağıdakı formul vasitəsi ilə hesablanır:

Burada, si sığorta şirkətinin bazar payı, N isə sığorta şirkətlərinin sayıdır.

Nümunə kimi X və Y sığorta bazarını Herfindahl indeksi vasitəsi ilə müqayisə edək.

Nümunə 1: X sığorta bazarında 15 sığorta şirkəti fəaliyyət göstərir, 5 şirkətin bazar payı 18%-dir, digər 10 şirkətin bazar payı isə 1%-dir.

Nümumə 2: Y sığorta bazarında 15 sığorta şirkəti fəaliyyət göstərir, 1 şirkətin bazar payı 80%-dir, 4 şirkətin bazar payı 2,5%, digər 10 şirkətin bazar payı isə 1%-dir.

Hər iki nümunədə top 5 şirkət üzrə bazar payı sığorta bazarının 90%-ni təşkil edir. Lakin, 1-ci nümunədə top 5 şirkət arasında güclü rəqabət getsə də, 2-ci nümunədə bazarın 80%-i bir şirkətin əlində cəmləşdiyi üçün rəqabətdən ümumiyyətlə söhbət gedə bilməz.

Herfindahl indeksi ilə bu iki bazarları müqayisə etsək 2-ci nümunədə bazarda rəqabətin olmaması açıq aydın görünəcək.

Bazar üzrə Herfindahl indeksin göstəricisi 1 000-dən az olarsa bu o deməkdir ki, bazar yüksək rəqabətli bazardır və bazar təmərküzləşməsi mövcud deyil. Göstərici 1000 – 1800 arasında olduğu halda təmərküzləşmə orta səviyyədədir. Herfindahl indeksin göstəricisi 1800-dən artıq olarsa bu o deməkdir ki, bazarda yüksək təmərküzləşmə mövcuddur, yəni sığorta bazarında bir neçə şirkət əsas paya sahidbir. Nəzəriyyədə Herfindahl indeksin ən yüksək göstəricisi 10 000 ola bilər, bu isə o deməkdir ki, bazarda bir monopolist şirkət fəaliyyət göstərir.

Herfindahl indeksi Azərbaycan qeyri-həyat sığorta bazarına tətbiq etsək 2015-ci il üzrə nəticənin qənaətbəxş olduğunu görə bilərik. Azərbaycan sığorta bazarı üzrə Herfindahl indeks göstəricisi 1.019,82-dir, bu isə deməkdir ki, bazarda orta səviyyədə təmərküzləşmə mövcuddur. Lakin nəticələri 2014-cü il ilə müqayisə etsək 2015-ci ildə bazarın daha çox təmərküzləşdiyinin şahidi olarıq. Belə ki, 2014-cü ildə Azərbaycan qeyri-həyat sığorta bazarı üzrə Herfindahl indeksi 861,587 təşkil etmişdi.

2014 və 2015-ci illər üzrə ildə Azərbaycan qeyri-həyat sığorta bazarında Herfindahl indeksin göstəriciləri aşağıdakı kimi olmuşdur:

Bütün yuxarıda sadalananları nəzərə alaraq, yekunda qeyd etmək lazımdır ki, sığorta bazarlarını müqayisə edərkən bütün faktorlar nəzərə alınmalı, yalnız sığorta haqlarının həcmi deyil, eyni zamanda bazarda sığortanın sıxlığı, onun nüfusetmə faizi, eləcə də rəqabətlilik səviyyəsi əsas götürülməlidir.


Müəllif: Uğur İbrahimli/
"Meqa Sığorta" şirkətinin İdarə Heyətinin sədr müavini