Manatın ucuzlaşmasından sonra əhalinin avtomobil servislərinə də münasibəti dəyişib. Servislərdən fins.az-a verilən məlumata görə, əvvəllər zəmanət müddəti bitən avtomobilləri satıb yeni modellər alınırdısa və yaxud ehtiyat hissəsi dəyişidirilirdisə, indi təmirə üstünlük verilir. Nəticədə avtomobil bazarından fərqli olaraq, servisə maraq azalmayaraq olduğu kimi qalıb.
«Əvvəllər «qarantiyası» bitən avtomobili satırdılar, indi təmir etdirirlər»
“Toyota Servis Mərkəzi”nin rəhbəri Samir Əhmədov fins.az-a bildirib ki, əvvəllər olduğu kimi hazırda da gün ərzində yağdəyişmədən tutmuş dəmirçi işinə kimi 30-40 müraciət daxil olur. Onun sözlərinə görə, buna səbəb gəlirləri azalan əhalinin yeni avtomobil almağa maddi durumunun yetərli olmamasıdır: «Ötən il yeni avtomobili 3 il sürüb zamənat müddəti bitən kimi satırdılar və yenisini alırdılar.Nəticədə servisə də bir o qədər ehtiyac olmurdu». Hazırda isə həmin avtomobil sahibləri daha çox təmirə üstünlük verirlər.Ona görə də, avtomobil bazarından fərqli olaraq servis sahəsinə tələbat azalmayıb.
Ehtiyat hissəsini təmir etmək indi daha sərfəlidi
«Performance Center Servis»dən fins.az-a verilən məlumata görə,dolların bahalaşmasından sonra ehtiyat hissələrinin qiymətləri kəskin artıb. Şirkətinin texniki məsləhətçisi Elçin Abbasov fins.az-a bildirib ki, nəticədə avtomobil sahiblərinin təmirə münasibəti dəyişib: «Elektron hissələr 1,5-2 dəfə bahalaşıb və avtomobil sahibləri üçün təmir daha sərfəli olub.Məsələn, əvvəl bir elektron detalın qiyməti 100 manat, təmiri 80 manat təşkil edirdi. Ona görə sürücü həmin detalın yenilənməsinə üstünlük verirdi. İndi isə həmin detal 200 manata kimi bahalaşıb.Belə olan halda avtomobil sahibi 80 manat ödəməklə təmir etməyə məcbur olur».
Alışma şamını almaq 15 manat, təmir isə 2 manatdır
Onun sözlərinə görə, ehtiyat hissələrinin qiymətləri ilə təmir arasında 5 dəfəyə yaxın fərq yaranır. Bu isə istər-istəməz təmirə marağı artırır. Məsələn, platinium ucluqlu bir alışma şamının orta qiyməti 15 manatdır.Sürücü müraciət edərək şamın dəyişdirilməsindənsə, ara boşluqlarının tənzimlənməsini istəyir. Bunun üçün usta xərci isə 2 manat təşkil edir.
Əyləc disklərini yeniləmək əvəzinə təmir edirlər
E.Abbasov təkər və əyləc disklərinin də əvvəlki kimi yenilənmədiyini, əksinə təmir edilidiyini bildirib: “Əvvəllər təkər diski əyilən kimi dəyişdirilirdi və yaxud əyləc diski yenilənirdi. Hazırda isə əgər təhlükəsizdirsə, təkər diski qurğu ilə düzəldilir. Əyləc diksləri isə minimum həddə kimi düzəldilir”.
250 manatlığın əvəzinə, 50 manatlıq işlənmiş təkər alırlar
Qiymət fərqi sürücülərin təkərlərə münasibətində də öz əksini tapıb. E.Abbasov bildirib ki, təmirlə yanaşı ehtiyat hissələrinə münasibətdə dəyişib. Məsələn, avtomobil sahibləri təzə təkər əvəzinə, Avropadan gələn istifadə müddəti bitmiş 4 illik təkərlər alırlar. Orta hesabla bazarda təzə təkərin qiyməti 250 manatdır. Sürücü isə bunun əvəzinə 200 manat qənaət edərək maşın bazarında 50 manata işlənmiş təkər alır.E.Abbasovun sözlərinə görə, belə təkərlər ucuz olsa da, sürücü üçün təhlükə yaradır.Yəni, isitfadə müddəti bitmiş belə təkərlər tormozlanma məsafəsi artır. Nəticədə avtomobilin qəza riski də yüksəlmiş olur.