İcbari sığorta gözlənilməz qəzalardan və devalvasiya risklərindən qorunmaq üçün ən sərfəli yoldur
Milli Məclisin dekabrın 18-də keçirilən iclasında “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara dəyişiklik edilib. Dəyişikliyə əsasən, avtonəqliyyat vasitəsinə dəyən zərərin tənzimlənməsi üzrə əlavə tələb müəyyənləşib. Belə ki, yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir.
Bu dəyişiklik hər iki avtomobil qəza etdikdə və hər ikisi icbari sığortalı olduğu hallara aiddir. Yəni əgər hansısa avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulursa, zərər vuran avtomobilin sahibinin məsuliyyəti sığortalandığı sığortaçıya müraciət etmək əvəzinə, öz məsuliyyətini sığortalamış sığorta şirkətinə müraciət edəcək. Bundan sonra həmin sığorta şirkəti zərərin əvəzini ödəyir və ödənilmiş məbləği zərər vurmuş sığortaçının məsuliyyətini sığortalamış şirkətdən alır.
Yeni ilə yeniliklərlə
Digər dəyişikliyə əsasən, sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürəcək. Sığorta vasitəçiləri tərəfindən nağd formada təqdim olunan sığorta haqları sığortaçının bank hesabına, yəni sığortaçıya nağd pul şəklində deyil, bank vasitəsilə onun hesabına ödəniləcək. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir. Dəyişikliklər sığorta haqlarının toplanmasına, işçilərin icbari sığortasına, subroqasiya hüququna və digər məsələlərə də aiddir.
Bu dəyişikliklərin qüvvəyə minməsi ilə Azərbaycanda icbari sığortanın olmamasına görə cərimələr də artırılacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, 2016-cı ilin mayın 1-dən etibarən icbari sığorta müqaviləsinin bağlanmamasına görə, cərimələrin artırılacağı gözlənilir. Məsələn, icbari sığorta müqaviləsi bağlamamağa görə cərimələr fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat olacaq. Hazırda icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr fiziki şəxslər üçün 10 manat, vəzifəli şəxslər üçün 60-80 manat, hüquqi şəxslər üçün isə 150-200 manat təşkil edir. İşçilərin icbari sığortalanmamasına görə cərimələr fiziki şəxslər üçün 500 manat, vəzifəli şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 5 min manat nəzərdə tutulub. Avtomobillərin icbari sığortalanmamasına görə cərimələr isə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün 300 manat təşkil edəcək.
Avtomobil sığortası: güzəştlər ləğv olunur
“İcbari sığortalar haqqında” qanuna dəyişikliklərin əsas məqamlarından biri avtomobil sığortası ilə bağlıdır. Belə ki, yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycanda sığorta şirkətləri üçün sığorta haqqında endirim tətbiq etmək qadağan ediləcək. Həmçinin sığorta müqaviləsinin bağlanmasına görə, müştərilərə hədiyyələr vermək də məhdudlaşdırılır. Bu isə o deməkdir ki, avtomobil sürücüləri daha ucuz qiymətə icbari sığorta ala bilməyəcəklər. “Buta Sığorta” şirkətinin idarə heyətinin üzvü Kamran Babayev bildirir ki, bu dəyişikliklər qüvvəyə mindikdən sonra sığorta agentləri sürücülərə daha ucuz qiymətə icbari sığorta sata bilməyəcəklər. Söhbət ondan gedir ki, sığorta agentləri əvvəllər öz güzəştləri hesabına icbari avtomobil sığortasını müştəri cəlb etmək üçün digərlərinə nisbətən ucuz satırdı. Ancaq indi bu mümkün olmayacaq. Məsələn, avtomobilin icbari sığortası 100 manatdırsa, 15 faiz sığorta agentinin komissiya haqqı hesab edilir və buna görə agent öz 15 manatlıq gəlirindən müştəriyə güzəşt edirdi. Yəni avtomobili 85 manata sığortalayırdı. İndi isə avtomobilin illik icbari sığorta haqqı 100 manatdırsa, müştəri bu vəsaiti tam şəkildə ödəməli olacaq.
Digər tərəfdən qanuna ediləcək dəyişiklik sığorta agentlərinin fəaliyyətinə nəzarəti asanlaşdıracaq. Belə ki, müştərilərə edilən güzəştlər ləğv edildiyindən agentlərin satdığı icbari avtomobil sığortalarının sayı, buna görə ödənilən komissiya haqlarını daha asan hesablamaq mümkün olacaq. İcbari avtomobil sığortası güzəştlərinin ləğv edilməsi agentlərin müştərilərinin sayına demək olar ki, təsir etməyəcək. Bütün agentlər icbari sığortanı eyni qiymətə satdığından avtomobil sahibi artıq başqa agentdən sığorta almayacaq. Sığorta agentlərinin müştəriləri nisbətən azala bilsə də, müştərilərin sayında itirilən gəliri komisyon haqqında qazanacaqlar. Yəni əvvəl müştəriyə edilən güzəşt indi sığorta agentinin özünə qalacaq.
Sığortalanma indi daha vacibdir
Yeri gəlmişkən, devalvasiyanın icbari sığorta bazarına təsir edib-etməyəcəyi də hər kəsi maraqlandırır. Ekspertlərin açıqlamalarına görə, sığorta bazarına əsas təsir ölkəyə xaricdən gətirilən avtomobil ehtiyat hissələrinin və dərmanların qiymətlərinin artması ilə bağlıdır. Yəni bu iki amil sığorta şirkətlərinin xərclərini artıracaq əsas səbəblərdən sayılır. Amma “Amrah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Rəşid Salıfov hesab edir ki, sığorta birlikləri dekabrın 21-də verilmiş devalvasiya qərarına daha hazırlıqlı idi. Onun fikrincə, manatın ucuzlaşması öz risklərini qabaqcadan təkrarsığortaçıya ötürən sığorta şirkətlərinə o qədər də təsir etməyəcək: “Amma ümumilikdə avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması nəticəsində sığorta şirkətlərinin təmir xərcləri arta bilər. Bu, xaricdən gətirilən ehtiyat hissələrinin qiymətindən asılı olacaq”.
Mütəxəssislər devalvasiyanın icbari sığorta bazarına təsirinin azaldılması yolunun olduğunu da deyirlər. Sığorta ekspertləri bildirirlər ki, tam da olmasa, müəyyən tədbirlərin görülməsi sığorta şirkətlərinin zərərlərinin qarşısını ala bilər. Rəşid Salıfov deyir ki, belə vəziyyətdə vətəndaşlar əsas xərclərini nəzərə almaqla digər xərclərini ixtisar edirlər: “Cəmiyyətin sığortaya münasibəti dəyişməlidir. Çünki müasir dövrdə hələ də bir çoxları sığortaya əlavə xərc kimi baxır. Əslində isə belə deyil, əksinə, sığorta vətəndaşları əlavə xərclərdən qoruyur. Məsələn, qəza törətmiş sığortasız sürücü əvvəl avtomobilin təmirinə 1000 manat sərf edirdisə, devalvasiyadan sonra bu məbləğin bir az da artması ehtimalı var. Ancaq avtomobilinin icbari sığortası olan sürücü belə bir təhlükə yaşamır. Çünki devalvasiyanın avtomobillərin ehtiyat hissələrinin qiymətinə nə qədər təsir göstərsə də, bu xərcləri sığorta şirkətləri ödəyəcək. Yəni gəlirlərin azalması fonunda sığortalanma əvvəlkindən daha çox vacibdir”.
Elxan Salahov