Köhnə Bakı milyonçularının inşa etdirdiyi binalar özünün memarlıq üslubuna görə bu gün də şəhəri bəzəməkdədir. Neftxudaların bəzən bir-birilərinin bəhsinə, bəzən isə sadəcə olaraq kiməsə hədiyyə etmək üçün tikdirdikləri nəhəng binaların bəzilərinin maraqlı tarixçələri də var.
Yazıda orijinallığı ilə seçilən iki tarixi binadan bəhs olunur.
Belə tikililərdən biri el arasında "Hacınskinin evi” kimi tanınan məşhur binadır. İsa bəy Hacınskini o biri Bakı milyonçularından fərqləndirən əsas cəhət bu idi ki, onun özü də milyonçu övladı olmuşdu. Atasından zəngin təcrübə ilə yanaşı, bir neçə mülk və qazanc obyekti olan torpaq sahələri ona miras qalmışdı. Həmin torpaq sahələrində fontan vuran neft quyuları Hacınskilərin daha da varlanmasına gətirib çıxarıb. Deyilənə görə, o zaman Hacınskinin neft quyularında işləyən fəhlələr hətta Rotşild, Nobel qardaşlarının fəhlələrindən də çox maaş alırdılar. Azərbaycana, Bakı şəhərinə avtomobili ilk olaraq gətirən İsa bəy Hacınskinin şəhərin bir çox yerlərində mülkləri olub. Məsələn, indiki A.Cavad küçəsi 12, Bül-Bül prospekti 63, Füzuli küçəsi 39 ünvanında yerləşən mülklərin ən əzəmətlisi "Hacınskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır.
Məhz bu məşhur bina mərc sayəsində cəmi 3 aya tikilib. Binanın inşası ilə bağlı maraqlı əhvalatlar danışılır.
Əvvəlcə onu qeyd edək ki, Bakı bulvarının salınmasında İsa bəy Hacınski çoxlu pul xərcləmişdi və elə ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara almışdı. Binanı tikdirmək üçün o, memarı İtaliyadan dəvət edib. Bina 1912-ci ildə tikilib, burada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern...
İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətta İsa bəy Hacınski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır.
Memara olan bu səxavətin başqa bir səbəbi isə İsa bəyin başqa bir Bakı milyonçusunu mərcdə udması idi. İki neftxuda günlərin birində çoxmərtəbəli yaşayış evinin 3 ay ərzində tikilib-tikilə bilməyəcəyilə bağlı mərcə girirlər. Bakının ilk çoxmərtbəli yaşayış binalarından biri olan evi italyan memar həqiqətən də 3 aya bitirir. O zaman Bakı milyonçuları arasında güclənən qürur və özünügöstərrmə meyilləri İsa bəyi bu cür səxavətli edir. Amma təbii ki, dövran bu cür davam etmir. İş o yerə çatır ki, bolşeviklər Bakıya hücum edəndə İsa bəyin Avropaya getməyib evdə qalmağı üstün tutan xanımı Xeyrannisə və qızları məcburən ələ keçməməkdən ötrü həmin evi tərk etməli olurlar. Əvvəlcə Mərdəkandakı bağlarına sığınsalar da, oranın da təhlükə mənbəyi olduğunu görüb bağı tərk edirlər. Məşhur İsa bəyin ailəsini küçələrdə qalmaqdan yalnız bir qohumu xilas edir. O, həmin xanımlara evinin yalnız bir otağını verməklə onları küçədə qalmaqdan qoruyur.
Hazırda Opera və Balet Teatrının yerləşdiyi qədim bina da mərcin sayəsində ucaldılıb. Köhnə Bakı neftxudalarının qılıncının qəbzəsinin də kəsdiyi 1910-cu ildə yerli milyonçuların dəvəti ilə şəhərə Rusiyadan aktrisa və opera müğınniləri dəvət edilir.
Xanım müğənnilərdən birinin şərəfinə verilən ziyafətdə milyonçu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir:
"Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?". Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək.
Beləliklə, cəmi on ay ərzində – 1910-11-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur.
Milyonçu Tağıyev sözünün üstündə durur və binanın bütün xərcini özü ödəyir. Tağıyev haqqında əlavə məlumata ehtiyac yoxdur. Amma bu mərcin ikinci tərəfi olan Mayılov o qədər də məşhur deyil deyə, onun haqqında da bir neçə cümlə də yazaq. Rus müğənnisinə möhtəşəm bina söz verən milyonçu Danil Mayılov Rusiya ilə əlaqələri çox geniş olub. Tez-tez çar II Aleksandr ilə görüşərmiş. Çar da öz növbəsində ona hazırda Masallı rayonunun ərazisində olan Xırmandalı kəndini mülk olaraq bağışlayır. Mayılovlar neftlə bərabər, balıq biznesi ilə də məşğul olublar.
Mənbə: Modern.az