30 Oktyabr

Aqrar sektorun yeni infrastrukturu: aqroparklar

Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsalı, daşınması, saxlanması və satışında mühüm rol oynayır. Aqrar məhsullar tez xarab olduğundan onlar sürətlə realizə edilməlidir. Lakin əksər hallarda məhsulu vaxtında satmaq mümkün olmur və o, xarab olaraq fermeri ziyana salır. Son nəticədə kənd təsərrüfatı istehsalçılarının yenidən həmin məhsuldan yetişdirməyə marağı olmur və bu da bazarda qıtlığq yaradır. Daxili istehsal tələbatı ödəməyəndə idxal məhsullarına üstünlük verilir, xarici məhsulların çoxu isə geni dəyişdirilmiş məhsullardır. Bu baxımdan istehsal, emal və logistika xidmətlərini vahid ərazidə cəmləşdirən aqroparkların yaradılması zəruridir.

Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir. Bura kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət qurumları aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.

Dünyada aqrar-sənaye komplekslərinin bir neçə modeli var. İlk dəfə Avropa İttifaqı ölkələrində formalaşan kooperativlər sürətlə inkişaf edərək bazarın 50%-dən çoxuna sahib olub. Bu model birgə işləmə prinsipi ilə fəaliyyət göstərir.

İkinci model müqaviləyə əsaslanan kənd təsərrüfatı istehsalı modelidir. Transmilli şirkətlər modeli hesab olunan bu modelə əsasən, istehsalçı ilə alıcı məhsulların istehsal həcmi və müddəti, məkan və qiyməti ilə bağlı məlumatları əhatə edən müqavilə bağlayır. Bu model ilk dəfə Yaponiya və ABŞ-da şəkər çuğunduru və şaftalının istehsalında tətbiq olunub, sonra başqa məhsulları da əhatə edib. Müqaviləyə əsaslanan kənd təsərrüfatı modeli daha çox ABŞ-da tətbiq olunur, meyvə-tərəvəz və broyler istehsalının 80-90%-ni əhatə edir. Avropada da bu model geniş yayılıb.

Lisenziyalı anbar modelində isə kəndlilər istehsal etdikləri məhsulları xüsusi rejimli anbarlarda saxlayır, bunun müqabilində mədaxil qəbzləri əldə edirlər. Həmin mədaxil qəbzləri vasitəsilə fermerlərin maliyyə təşkilatlarından kredit cəlb etmək imkanı var. Lisenziyalı anbar mexanizmi pambıq, zeytun və zeytun yağı, günəbaxan yağı, fındıq və sair məhsullar üzrə ixtisaslaşdırılıb. Bu modeldə fermerlər bir sıra xidmətlərdən ödənişsiz yararlanırlar. Nümunə olaraq laboratoriya xidmətini göstərmək olar. Məhsulların bazara sürətlə çıxışı üçün elektron informasiya xidməti də fəaliyyət göstərir.

Azərbaycanda aqroparklar prezidentin ötən il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. İlk aqroparkın təməli ötən il noyabrın 15-i Şəmkirdə qoyulub. “Şəmkir Aqropark” üçün 543 hektar ərazi ayrılıb. Aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələrinin inşa olunması nəzərdə tutulur. Xızı rayonunda və Yalama qəsəbəsində də aqroparkın yaradılmasına başlanıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə apardığı “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübənin təşviq edilməsi (yayılması), innovativ texnologiyaların tətbiqi sahəsində fermerlərin maarifləndirilməsi və bilgilərinin artırılması” layihəsinə aid tədqiqatda deyilir ki, aqroparkların yaradılması məhsul bolluğuna səbəb olacaq, xaricə məhsul ixracını artıracaq. Adətən qış aylarında paytaxt bazarlarında xaricdən gətirilən məhsullar çox baha satılır. Çoxu geni dəyişdirilmiş məhsullar olur. Aqroparklardakı anbarlarda saxlanan məhsullar isə nisbətən ucuz olacaq. Bu yeniliyin tətbiqi bölgələrdə yeni iş yerlərinin açılmasına, kənd camaatının məşğulluq səviyyəsinin artırılmasına da təkan verəcək.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, aqroparklar aqrar, emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur: “Aqroparklar üçün ən əlverişli bölgələr Gəncə və Gəncə ətrafı, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var”.

Bəkir Nərimanoğlu