Azərbaycanda sığorta şirkətlərinin kirayə verilən evləri nisbətən baha sığortalaması haqqında məlumat vermişdik. Səbəb isə ondan ibarət idi ki, kirayəşinlər ev sahiblərinə nisbətən qaldıqları evə qarşı daha məsuliyyətsiz davranırlar. Məsələn, qazın, suyun açıq qalması subasma və yanğın hallarının artmasına səbəb olur. Doğrudur, bu zaman ev sahibi tələb edə bilər ki, kirayədə qalan şəxs evə dəyən ziyanı ödəsin. Amma bəzən müştərinin buna imkanı çatmır, ya da sadəcə zərəri ödəməkdən yayınır.
Belə halda nə etmək olar? Bu halların qarşısının alınması üçün 2 yol var. Ya ev sahibi evini sığortalamalıdır. Ya da tələb etməlidir ki, kirayə qalmaq istəyən şəxsin özü, öz mülki məsuliyyətini sığortalasın. Bəs Azərbaycanda bu mümkündürmü?
“Avropada mülki məsuliyyələtini sığortalamaq kirayənişinlərə sərf edir”
Kirayə qalan şəxslərin öz mülki məsuliyyətini sığortalaması Avropada geniş yayılıb. Almaniya, Böyük Britaniya kimi ölkələrdə icarə və kirayə məsələləri rəsmi müqavilərlə həyata keçirildiyi üçün müqavilədə sığorta da nəzərə alınır. Sığorta eksperti Xəyal Məmmədxanlı fins.az-a bildirib ki, 95 % hallarda kirayə ev götürənlər evə vura biləcəkləri ziyan üzrə mülki məsuliyyətlərini sığortalayırlar.
“Azərbaycanda evini kirayə verənlər əksər hallarda bununla bağlı müqavilə bağlamırlar”
Azərbaycanda isə kirayənişinlərin mülki məsuliyyətinin sığortası ilə bağlı vəziyyət bir qədər fərqlidir. Sığorta ekspertləri bildirirlər ki, ilk növbədə evlərini kirayə verənlər icarə müqaviləsi bağlamırlar. İcarə müqaviləsinin olmadığı halda kirayənişin istəsə də, qaldığı evə vuracağı ziyana görə mülki məsuliyyətini sığortalaya bilmir. Avropa və Azərbaycanda bu sığortaya münasibət də fərqlidir. Xəyal Məmmədxanlı hesab edir ki, Avropada bu sığortaya investisiya kimi baxıldığı halda, biz də bunu əlavə xərc hesab edirlər.
Xatırladaq ki, Avropada kirayənişinlərin mülki məsuliyyət sığortası üzrə tariflər 0,1-0,2 % arasındadır. Məsələn, avropa vətəndaşı 200 min avro qiyməti olan evə vura biləcək ziyan üzrə mülki məsuliyyətini 200 avroya sığortalaya bilər.
“Kirayənişinlərin mülki məsuliyyətlərini 300-500 manata sığortalaya bilərlər”
Amma sığorta şirkətləri bildirir ki, kirayənişinlərin mülki məsuliyyətinin sığortası mümkündür, lakin bununla bağlı müraciət edən yoxdur: «Vətəndaşlar heç şəxsi evlərini sığortalamırlar, nəinki mülki məsuliyyətlərini».
“Azsığorta” şirkətinin anderraytinq şöbəsinin müdiri Cəlal Mehdiyev fins.az-a bildirib ki, kirayənişinlərin mülki məsuliyyəti sığortasında tariflər 0,3-0,5 % təşkil edir. Məsələn, Bakıda bazar qiyməti 100 min manat olan evdə qalmaq istəyən kirayənişin mülki məsuliyyətini sığortalamaq üçün 300-500 manat arasında sığorta haqqı ödəməlidir. Lakin kirayənişin o zaman mülki məsuliyyətini sığortalaya bilər ki, ev sahibi də evini könüllü qaydada sığortalamış olsun. Eyni evin könüllü sığorta xərcləri isə 250-400 manat təşkil edir. Lakin bu hər iki tərəf üçün nisbətən baha başa gəlir.
“Ev sahibi hər iki sığortanı birgə alanda 2 dəfə ucuz olur”
2-ci variant isə ondan ibarətdir ki, ev sahibi hər iki sığortanı özü etsin. Çünki bu zaman sığorta haqqı 2 dəfə azalır. Məsələn, əvvəlki qaydada ev sahibi ilə kirayənişinin ümumi sığorta xərcləri 550-900 manat təşkil edəcəkdisə, ikinci halda sığorta haqqı 500 manatdan çox olmayacaq. C.Mehdiyev bildirir ki, kirayənişinin mülki məsuliyyətini sığortalanmas üçün icarə və ya kirayə müqaviləsinin olub-olmamasının vacib deyil. Amma hələlik Azərbaycanda yalnız xarici vətəndaşlar kirayə qaldıqları mənzillər üzrə mülki məsuliyyələrini sığortalayırlar. Şirkət nümaynədəsi bildirir ki, bununla bağlı “Azsığorta”nın 3-4 fərdi qaydada mülki məsuliyyətini sığortalayan xarici müştərisi var.
Başqa sözlə, evlərini digər şəxslərə kirayə verən ev sahibləri sonradan problem və zərərlə üzləşmək istəmirlərsə, müştərilərdən mülki məsuliyyətlərinin sığortasını tələb etməlidirlər.