“Which?” analitik qrupu son 3 ildə nasaz, düzgün quraşdırılmayan və ya pis istifadə edildiyinə görə məişət cihazları günahından baş verən 12 000 yanğın hadisəsini araşdırıb. Araşdırmaçılar iddia edir ki, yanğınlara ən çox paltaryuyan maşın səbəb olub.
Belə ki, 2011-ci ilin yanvar ayından 2014-cü ilin mart ayına qədər Böyük Britaniyada 1723 paltaryuyan maşın yanıb. Bu dövrdə quruducu maşınların alışmasından isə 1456 yanğın baş verib. Üçüncü yerdə 1324 hadisə ilə qabyuyan maşınlar, dördüncü yerdə isə 1080 hadisə ilə sobalar gəlir. Beşliyi soyuducu və dondurucular tamamlayır (861 yanğın hadisəsinə səbəb olublar).
Beləliklə, sizə 10 ən təhlükəli məişət texnikasını təqdim edirik:
• Paltaryuyan maşın
• Quruducu maşın
• Qabyuyan maşın
• Soba
• Mərkəzi istilik sistemləri
• Mikrodalğalı sobalar
• Toster və qril apparatları
• Televizorlar
• Elektrikli yorğanlar
Adətən paltaryuyan maşın səbəbindən baş verən yanğınlardan öncə cihazın nasaz olduğunu başa düşmək çətin olur. Ona görə də mütəxəssislər işlək cihazı nəzarətsiz qoymamağı tövsiyə edir: “Təəccüblüdür ki, gündəlik istifadə olunan məişət texnikası təhlükəli ola bilər: paltaryuyan, qurudan və qabyuyan maşınlar kimi cihazları evdə olmadığımız müddətdə də elektrik yuvasından ayırmamağa adət etmişik. Alıcıları bu tip risklərdən qorumaq üçün çox iş görmək lazımdır. Həmçinin, təhlükə yaradan məhsulları vaxtında bazardan yığışdırmaq lazımdır”.
Həqiqətən də bu gün insanların əksəriyyəti üçün paltaryuyan maşın internetdən daha vacibdir və bu texnika demək olar ki hər evdə var. Duman detektorları və bu kimi təhlükəsizlik cihazlarının quraşdırılması problemi qismən həll etməyə və paltaryuyan maşını heç olmasa gecə nəzarətsiz saxlamağa imkan verəcək.