30 Oktyabr

Həyat sığortasından niyə şikayət edirlər? - ANALİTİKA

Bu gün Azərbaycanda qeyri-həyat sığortası siniflərinin inkişafı ilə yanaşı, həyat sığorta siniflərinin də sürətli inkişafı və sığorta bazarında mühüm yer tutmağa başladığının bariz nümunəsi bağlanmış sığorta müqavilələrinin sayının sürətlə artmasıdır. Baxmayaraq ki, həyat sığortası bazarı genişlənir və inkişaf edir, lakin bəzən sığortalılarla sığorta şirkətləri arasında narazılıqlar da mövcud olur. Sığorta müqavilələrinin şərtlərinin ya tam oxunmaması, ya sığorta haqqını azaltmaq məqsədilə təminatların azaldılması, ya faydalanan şəxslərin mövcud olmaması sığortalılarda narazılıqlar yaradan başlıca amillərdir.

Respublika ərazisində fəaliyyət göstərən həyat sığortası şirkətlərindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) daxil olmuş ərizə və şikayətlərin ümumilikdə 95%-dən çoxu vətəndaşlar tərəfindən əsassız olan şikayətlərdir.

İpoteka kreditini sığorta ödənişinin hesabına bağlamaq istəyənlər də var

Bugün ipoteka və ya kredit götürən şəxslər bankların tələbi əsasında həyat sığortası müqavilələri bağlayırlar ki, gələcəkdə baş verə biləcək təminata daxil olan hadisələrdən sığortalansınlar və sığorta ödənişi əldə etsinlər. Lakin bəzi hallarda sığorta ödənişinin verilməsindən imtina halları ilə rastlaşırlar ki, əksər hallarda sığorta şirkətlərinin qərarları qanunvericiliyə uyğun olur. DSNX-yə ünvanlanan müraciətlərdən müəyyən olunur ki, bir çox hallarda baş vermiş hadisələr təminata daxil deyil.

Müraciətlərdən birində anadangəlmə qüsurlu olan və əlillik dərəcəsi almış şəxsin ipoteka götürdükdən 1 il sonra sığorta şirkətinə əlilliyinə görə sığorta ödənişi verilməsi tələbi ünvanladığı müəyyən edilib. Bu hal araşdırılaraq sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə heç bir sığorta hadisəsinin baş vermədiyi və şəxsin ipoteka kreditini sığorta şirkətinin hesabına bağlamaq istəyi aşkar olunub.

İpoteka və bankdan götürülmüş kreditləri sığorta ödənişləri hesabına bağlamaq istəyən vətəndaşlar da mövcuddur ki, sığortaçılar tərəfindən aparılmış araşdırmalar nəticəsində ifşa olunurlar. Daxil olmuş müraciətlərdən birində təminat verilmiş sığorta riski bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin itirilməsi halı olduğundan və şikayətçinin isə bel fəqərələrində olan xroniki xəstəliyi nəticəsində əmək qabiliyyətini itirdiyindən sığorta ödənişinin verilməyəcəyini bilərəkdən ağacdan yıxılmasını iddia edərək sığorta ödənişi tələb etməsi göstərilib. Sığortaçı tərəfindən aparılmış ətraflı araşdırma nəticəsində həmin şəxsin belində olan fəqərələrin xroniki xəstə olduğu və dəfələrlə müalicə aldığı aşkar olunub.

Bağlanmış ipoteka (kredit) həyat müqavilələri könüllü razılıq əsasında bağlanır

Bu tip sığorta müqavilələri könüllü əsaslarla bağlandığından sığortalı və sığortaçı arasında qarşılıqlı razılaşma mövcuddur ki, bu da özünü sığorta müqaviləsində təzahür etdirir. Sığorta müqavilələrində təminatların əhatəsinin genişləndirilməsi təbii olaraq, sığorta haqqının artmasına gətirib çıxarır ki, bəzi sığortalılar buna narazılıq bildirirlər. Razılaşma nəticəsində sığorta haqqı azaldılır ki, bu da yekunda sığorta təminatını azaldır.

Xidmətə ünvanlanan müraciətlərdən birindəşikayətçinin kredit götürmüş həyat yoldaşı sığorta müqaviləsi bağlayarkən az miqdarda sığorta haqqı ödəmək məqsədilə sığorta haqqını 16 dəfə azaldaraq kredit məbləğindən 16 dəfə az sığorta məbləğində təminat aldığından şəxsin ölümündən sonra sığorta müqaviləsinin texniki səhvə yol verilərək bağlandığı bildirilib. Lakin aparılmış müvafiq araşdırma və hesablama nəticəsində şəxsin az miqdarda sığorta haqqı ödəmək üçün bilərəkdən sığorta məbləğini azaltdığı müəyyən olunub.

İşəgötürən işçi qarşısında sığortaçı ilə birgə məsuliyyət daşıyır

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hər bir işəgötürən öz işçisinin xeyrinə sığorta müqaviləsi bağlamaq öhdəliyi daşıyır. Bəzən vətəndaşlar tərəfindən sığorta şirkətinin sığorta ödənişi məbləğini düzgün müəyyən etməməsi ilə bağlı Xidmətə müraciətlər daxil olur. Həmin müraciətlər üzrə aparılmış araşdırma zamanı işəgötürən sığorta haqqı məbləğini azaltmaq məqsədilə işçinin illik əmək haqqı fondu məbləğini azaldaraq sığortaçıya məlumat verir ki, bu da sığorta məbləğini azaldır. Belə hallarda, müraciət edən şəxsə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 7.3-cü maddələrinin tələbləri, yəni- qanunvericiliklə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsiniqanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətinipisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığortahadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zamansığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə qanunvericiliklə müəyyənedilmiş sığorta təminatı həddində öhdəlik daşıdığı izah olunur. Sığortaçı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyindən, işəgötürən işçi qarşısında sığortaçı ilə birgə məsuliyyət daşıyır ki, o da işçiyə əlavə kompensasiya verməyə məcbur olur.

İş yerində ölmək heç də hər bir halda istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölmək demək deyil.

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu ilə bağlı ünvanlanan şikayətlərin bəzilərində sığorta hadisəsinin olmaması aydın şəkildə görünür. Həyat yoldaşını onkoloji xəstəlik nəticəsində itirən bir qadın ərizəsində “Ərim müdür ilə mübahisə etdi və başında şiş yarandı” absurd ifadə qeyd edir. Buna görə sığorta ödənişi tələb etməsi ilə bağlı demək olar ki, bütün dövlət orqanlarına şikayət ünvanlayır. Başqa müraciətlərdə “ürək çatışmazlığı”, “miokard infarktı”, “onkoloji xəstəlik”, “insult” və sair xəstəliklər səbəbindən ölən şəxslərə görə sığorta ödənişi tələb olunur. Həmin şəxslərin bu kimi səbəblərə görə iş yerində ölməsi qanun tələblərinə görə nə bədbəxt hadisə, nə də peşə xəstəliyi olmaması şikayətçilərə izah olunur.

Firdovsi Ağaşirinov

DSNX-nın Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin aparıcı məsləhətçisi