Azərbaycanda sığorta bazarı və sığortalananların sayı artdıqca, insanların sığorta ilə bağlı məlumatları da çoxalır. Amma əhalidə hələ də belə bir fikir formalaşıb ki, sığorta mübahisələrinin əsas səbəbkarı müştərilərinə ödəniş vermək istəməyən sığorta şirkətləridir. Amma bu həmişə belə deyil - bəzən müştərilər sığorta şirkətlərini aldatmağa cəhd edirlər. Bu dəfə fins.az belə hallar barədə danışacaq.
"Saxta etibarnamələr, sürücülərin dəyişdirilməsi, maşının qəsdən vurulması"
Sığorta şirkətlərində bildirirlər ki, son vaxtlar sığorta fırıldaqlarının sayı artıb - bu sığorta bazarının böyüməsi ilə bağlıdır: "Sığorta məhsulları və sığorta predmetləri çoxaldıqca hadisələr də artır. Nəticədə belə hallar da çoxalır". Sığorta hadisələrinin əksəriyyəti avtomobillərin sığortası üzrə olduğuna görə, sığorta şirkətlərinin aldadılmasına cəhd halları da əsasən bu sahədə baş verir.
Şirkət nümaynədələrinin sözlərinə görə, müştərilər tərəfindən fırıldaqlar bir neçə formada olur. Bəziləri artıq baş vermiş sığorta hadisələri ilə bağlı yalan məlumat verməklə sığorta şirkətini aldadıb ödəniş almaq istəyirlər, digərləri isə ödəniş almaq üçün belə hadisələri, məsələn qəzanı özləri təşkil edirlər. Ən çox fırıldaq birinci hala - yəni artıq baş vermiş hadisədən istifadə etməyə aiddir: "Hadisə artıq baş vermiş olduqda çoxları bundan istifadə edib sığorta şirkətindən artıq pul qopartmağa çalışırlar - bu faktdır"-deyə şirkətlərdə bildirirlər.
Sürücünün dəyişdirilməsi
Sığotra şirkətlərinin əksəriyətində bildirirlər ki, şirkətlərin müştərilər tərəfindən aldadılması ilə bağlı ən çox yayılan üsul içkili sürücünün dəyişdirilməsidir: "Yəni məsələn, sığortalı avtomobildir, sürücü içkili halda hadisə törədib. Bilir ki, içkili olduğuna görə, sığorta ödənişi ala bilməyəcək. Ona görə də qəza barədə sığorta şirkətinə məlumat verməzdən əvvəl dərhal dost-tanışa zəng edirlər. Yəni eləsinə zəng edirlər ki, onların bu avtomobili sürmək hüququ olsun, məsələn sürücülərin siyahısında adı olsun və s. Həmin adamı çağırırlar ki, gəlib özünü ayıq sürücü kimi təqdim etsin. Deyərlər ki, "maşına otur və de ki sürücü mən idim". Tanış da bununla razılaşır".
Azərbaycanın iri şirkətlərinin birində bildirirlər ki, belə hallarda aydı azı 1-2 dəfə rastlaşırlar. Sürücülük vəsiqəsi və ya etibarnaməsi olmayan şəxslərin başqaları ilə dəyişdirilməsi halları da geniş yayılıb.
"Saxta etibarnamələr"
İndi o qədər də inandırıcı görünmür, amma sığorta şirkətləri bildirirlər ki, bir neçə il bundan əvvəl avtomobil sahibləri sığorta hadisəsi zamanı şirkətləri aldatmaq üçün saxta etibarnamələrdən də istifadə edirdilər. Söhbət notarius tərəfindən əvvəlki tarixə verilən etibarnamələrdən gedir. "Məsələn, sürücü maşını idarə edir, amma etibarnaməsi yoxdur. Yəni tanışının və ya dostunun maşınıdır. Bu adam həmin maşınla qəza törədəndə, başa düşür ki, etibarnamə olmadığına görə sığorta ödənişi olmayacaq. Ona görə də dərhal gedib hadisədən sonra etibarnamə alırlar. Məsələn hadisə saat 11-12-də baş verib. Həmin şəxs hadisədən dərhal sonra notariusa gedib etibarnamə alır və yalnız bundan sonra sığorta şirkətinə məlumat verir. Yoxlayanda görürsən ki, etibarnaməsi var. Hətta elə hallar vardı ki, hadisə baş verəndən sonra sürücü notariusa gedib, etibarnaməni bir neçə gün və ya bir ay əvvəlki tarixə alırdı".
Doğrudur, etibarnamənin bir neçə gün əvvələ və ya elə həmin tarixə alınması sığorta şirkətlərində şübhə yaradırdı. Əksər şirkətlər bu məsələni axıradək araşdırmağa və hadisə zamanı sürücünün etibarnaməsinin olmadığını sübut etməyə çalışırdılar. Amma son vaxtlar belə hadisələrə rast gəlinmir.
"Sığortası olan günahı öz üzərinə götürür"
Bəzən isə, xüsusilə də icbari sığortası olmayan avtomobil qəza törədəndə sürücülər razılaşırlar ki, qarşı tərəf günahı öz üzərinə götürsün. Sığortaçılar belə halların da geniş yayıldığını bildirirlər. "Bir qədər əvvəl rayonların birində "Mersedes"lə traktor toqquşmuşdu, "Mersedes"in icbari sığortası vardı, traktorun yox. Günahkar traktor idi, çünki "Mersedes"in yoluna çıxmışdı. Nəticədə, traktora 5 min manata yaxın ziyan dəymişdi. "Mersedes" sürücüsü günahı öz üzərinə götürdü ki, günahkar mənəm. Yəni cəhd etdilər ki, zərəri sığorta şirkətinə ödətdirsinlər". Amma hadisə yerinə gələn sığorta əməkdaşları vəziyyətdən şübhələniblər, çünki hadisə "Mersedes"in yolunda baş veribmiş. Məsələ araşdırılıb və ödənişdən imtina edilib.
"Bəzən müştərilər zərəri şişirdirlər"
Avtomobillərin sığortası zamanı tez-tez baş verən hadisələrdən biri də hadisə zamanı maşına dəyən zərərin şişirdilməsi olur. Sığorta şirkətlərində bildirirlər ki, müştərilərin əksəriyyəti belə üsula əl atır. Məsələn, qəza törədən sürücü bildirir ki, zərərin həcmini özü qiymətləndirmək istəyir. "Gedir, araşdırır və gəlir ki, avtomobilə, məsələn 4-5 min manat ziyan dəyib. Sonra bizim ekspertlər bu rəqəmin dəqiqliyini yoxlayırlar. Məlum olur ki, zərər xeyli azdır. Məsələn bu yaxınlarda "Toyota Korolla" markalı avtomobil əzilmişdi. Zərər kifayət qədər idi - maşının iki qapısı və bir qanadı əzilmişdi. Biz ona təklif etdik ki, avtomobili özümüz təmir edək. Sığortalı bildirdi ki, onu öz ustası təmir edəcək. Biz razılaşdıq - onun seçdiyi usta təmir xərcinin 4500 manat olduğunu bildirdi, bizim mütəxəsislər isə müəyyən etdilər ki, zərər 2400 manatdan çox deyil. Buna görə müştəri ilə mübahisə yarandı, o öz ustasının dediyi məbləğdə təkid edirdi, biz avtomobili bir neçə servisə apardıq və onların hamısı bizim dediyimiz qiymətin 50-100 manat ətrafında qiymət dedilər. Nəticədə biz avtomobili özümüz təmir etməyə qərar verdik. Bildirdik ki, ödəniş olmayacaq və maşını özümüz təmir etdirəcəyik - buna bizim hüququmuz var.
Həmin şəxs uzun müddət buna etiraz etdi, onunla danışıb əmin etdik ki, maşını tam keyfiyyətlə təmir olunacaq. Bundan sonra razılaşdı, maşın 2400 manata təmir olundu, müştəri onu özü təhvil aldı və təmirdən də tam razı qaldı".
Təşkil olunmuş sığorta hadisələri
Yuxarıda dediyimiz kimi, fırıldağa cəhd edən müştərilərin əksəriyyəti artıq baş vermiş qəzadan istifadə edir. Sığorta hadisəsini qəsdən törətmək isə geniş yayılmayıb. Çünki normal düşüncəli adam başa düşür ki, öz maşınına nəsə etsə, ona zərər dəyəcək, amma bilmək olmaz ki, sığorta şirkətini aldadıb həmin pulu ondan ala biləcək, ya yox. Aldada bilməsə isə, zərəri özü ödəməli olacaq. Ona görə də, insanlar belə addım atmağa çəkinirlər. Amma az olsa da belə hallar da var.
"Bir müddət əvvəl, müştərilərimizdən biri bizə məlumat verdi ki, ona məxsus "BMW X5" markalı avtomobil Quba rayonunda qəzaya uğrayıb. Hadisə yerinə DYP-ni də çağırmışdı, bizim həmni regiondakı ekspertlərimiz də dərhal hadisə yerinə getdilər. Hadisənin şəkilləri çəkildi və ekspertimiz elə ordaca hadisədən şübhələnməyə başladı. Bu barədə bizə də məlumat verdi. Təsəvvür edin, X5 yoldan çıxaraq yol kənarında olan daş hasara dəyib. Amma maşının zədələri bu qəzaya o qədər də uyğun gəlmir. Hadisə yerinə burdan da nümayəndələr getdi, bizim təmir ekspertlərimizi göndərdik. Maşını Bakıya gətirdik və avtoservisdə ona baxış keçirildi. Məlum oldu ki, avtomobil uzun müddət istismar nəticəsində çox pis vəziyyətə düşüb. Maşının mühərrikində də problem vardı. Çox bahalı maşın olduğuna görə, onun təmiri də baha başa gəlir. Onun sahibi də təmirinə xərc çəkməmək üçün onu divara vurub ki, sığorta şirkətinin hesabına təmir etdirsin. Araşdırma zamanı məlum oldu ki, hətta maşının bəzi detalları üstündə deyil. Biz bütün bunları ona sübut etdik və təbii ki, ödənişdən imtina etdik. Yəni iş heç məhkəməyə də getmədi - adam başa düşdü ki, işinin üstü açılıb. Əksinə biz onu məhkəməyə evrə bilərdik fırıldaq cəhdinə görə, vermədik, iş bağlandı".
"Maşınını qatarın altında qoymuşdu"
Maşının qəsdən korlanması və ya sığorta ödənişi almaq üçün qəsdən hadisənin törədilməsi halı ən çox bankda kreditlə götürülən avtomobillərdə baş verir. Bəzi müştərilər krediti ödəyə bilməyəndə çıxış yolu kimi hadisə törədirlər ki, krediti sığortanın hesabına bağlasınlar. "Bir dəfə belə hadisə oldu - müştəri bahalı avtomobili - "Mersedes ML"i aparıb elektrik qatarının yolunda saxlamışdı və qatar da avtomobili tamamilə dağıtmışdı. Hadisə ilə bağlı dərhal böyük şübhələrimiz yarandı. 99% faiz əmin idik ki, adam bunu qəsdən edib. Müştəri bildirirdi ki, düz dəmiryolunun üstündə mühərrik sönüb, onu işə salmaq mümkün olmayıb və qatar da gəlib onu vurub. Amma bu ağılabatan deyildi - çünki maşın təzə idi, adam da cavan idi, gözləri yaxşı görürdü ki, burada dəmiryol keçidi var. Üstəlik, qatar yolunda nizamlayıcı - şlaqbaum da vardı, o da aşağı enmişdi. Bu isə hər ikisini keçərək maşını dəmiryolunda saxlayıb. Yola baxan nəzarətçi də bildirdi ki, bu maşın keçəndə qırmızı işıq yanırdı. Dedi ki, maşını qatarın yolunda saxlayıb maşından düşdü. Şübhələrimiz özünü doğrultdu və onu imtina edildi. Əslində qırmızı işıqda keçərək dəmriyolunun üstünə çıxması halı imtina üçün əsas idi. Sonra biz öyrəndik ki, onun bankda krediti qaytarmaqla bağlı problemi yaranıb - artıq onun sənədləri bankın problemli borclar şöbəsindəymiş".
Yağışdan uçan ev
Müştərilərin sığorta şirkətindən əsassız olaraq ödəniş almaq cəhdləri daşınmaz əmlakın sığortasında da baş verir. Belə hallara bölgələrdə daha çox rast gəlinir. "Evi icbari sığorta üzrə sığortalayırlar, sonra da məlumat verirlər ki, güclü yağış nəticəsində evə zərər dəyib. Baxış keçirəndə məlum olur ki, bu köhnə - 50-60 ilin evidir. Doğrudur, yağış təsir edib, amma bu sığorta müqaviləsindən sonra baş verən hadisə deyil. Sadəcə köhnə evdir və adam da sığortadan istifadə edib kompensasiya almaq istəyir".
Amma sığorta şirkətlərinin heç də hamısı belə vəziyətlərdə birmənalı olaraq imtina vermirlər. Bəzi şirkətlər müştərini narazı salmamaq üçün ona müəyyən ödəniş edirlər. "Məsələn, müştəri bildirir ki, evi yenidən tikilməlidir - smeta da gətirir 15 min manatlıq. Halbuki, evin dəyəri 5-6 min manatdır. Ola bilər ki, kimsə onu öyrədir ki, sığortadan bu üsulla faydalansın. Sözsüz ki, belələrinə imtina olunur. Amma qeyd edim ki, biz belə hallarda ev sahibini köməksiz də qoymuruq, onun istədiyi qədər olmasa da, müəyyən kompensasiya - 500, 1000 və ya 2000 manat veririk ki, evini təmir eləsin, bir sözlə sığortadan narazı qalmasın. Amma əvvəlcə özünə sübut edirik ki, bu hadisə sığorta hadisəsi deyil".
Sığorta fırıldaqlarında polisin rolu
Sığorta şirkətləri geniş danışmaq istəməsələr də etiraf edirlər ki, sığorta fırıldaqları zamanı bəzi müştərilər haqlı olduğunu sübut etmək üçün polisin xidmətindən istifadə edirlər. "Bu xüsusilə özünü sürücü içkili olduqda göstərir. Məsələn hadisə baş verir, əməkdaşlarımız hadisə yerinə gedirlər, məlum olur ki, sürücü yoxdur, guya özünü pis hiss edib və s. Telefonu da cavab vermir. Amma ya qarşı tərəf, ya da şahidlər bildirir ki, həmin adam içkili olub. Bir sözlə dəqiqləşdiririk ki, bu adam hadisəni törədəndə içkili olub. Amma sabahı gün əlində arayış gəlir ki, hadisə zamanı ayıq olub. Amma biz belə halları axıradək araşdırırıq".
Sığorta fırıldağı cinayət sayılırmı?
Sığorta bazarı inkişaf etmiş ölkələrdə, sığorta fırıldaqçıları, yəni sığorta hadisələri zamanı şirkətləri aldatmaq istəyənlər cinayət məsuliyətinə cəlb olunurlar. Yəni sığorta şirkətindən hansısa meitodlara əl ataraq sığorta ödənişi almaq cəhdi artıq cinayət sayılır.
Azərbaycanda isə sığorta fırılaqçılığının cinayət sayılıb-sayılmadığı ilə bağlı dəqiq fikir yoxdur. Bizim qanunvericilikdə belə hal nəzərdə tutulmayıb, yalnız Cinayət Məcəlləsində əsassız varlanma maddəsi var. Sübuta yetirildiyi təqdirdə sığorta fırldaqçılığını da bu hala aid etmək mümkündür.