Azərbaycan vətəndaşları cüzi məbləğ ödəməklə istirahət mövsümündə üzləşəcəkləri bütün risklərdən sığortalana bilərlər. Bu barədə fins.az-a sığorta şirkətlərindən bildirilib.
Xatırladaq ki, bir qədər əvvəl qarşıdan gələn istirahət mövsümü və bu zaman gözlənilən risklər barədə məlumat vermişdik. Ekspertlərin fikrincə, belə hallardan iki yolla sığortalanmaq olar - istirahət mərkəzinin öz müştəriləri qarşısında mülki məsuliyyətini sığortalaması və ya vətəndaşların fərdi qəza sığortası vasitəsilə.
Fərdi qəza sığortası ilə istirahət
Sığorta şirkətlərinin əksəriyyətinin təqdim etdiyi fərdi qəza sığortası vasitəsilə vətəndaşlar ildə orta hesabla cəmi 20 manat ödəməklə 1000 manata qədər, nisbətən böyük məbləğ ödəməklə isə daha yüksək məbləğdə sığortalana bilərlər.
Beynəlxalq Sığorta Şirkətinin Pərakəndə Satışlar şöbəsinin rəhbəri Vüqar İbrahimov fins.az-a açıqlamasında bildirib ki, 18-60 yaşında olan akvopark istifadəçiləri fərdi qəza sığortası vasitəsilə özlərini BSŞ-da sığortalaya bilərlər.
Bu sığorta müştəriləri istirahət zamanı üzləşə biləcəkləri risklərdən qoruyur. Məsələn, otaqda qazdan boğulma yanıqlar, əzələ və sinir sisteminin zədələnməsi, burxulma və qopma və s. Beynəlxalq Sığorta Şirkətinin bu məhsulu vasitəsilə istirahət zamanı ilan və ya həşəratların çancması nəticəsində zəhərlənmələrdən, quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti hallarından da qorunmaq olar. Bu sığorta üzrə də ödəniş 20 manat, sığorta məbləği isə 1000 manatdır.
Paraşütlə tullanmaq istəyənlərin nəzərinə
Müştərilər əlavə ödəniş etməklə fərdi qəza sığortası vasitəsilə digər risklərdən də sığortalana bilərlər. Bura suda boğulmalar, xüsusi icazə tələb olunan ərazidə dəyən zərərlər, motosiklet, velosiped sürmək, açıq dənizdə balıqçılıq, balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq kimi hallar aiddir. Bundan başqa, əlavə ödəniş etməklə alpinizm, xizək idmanı və xokkey oyunları, maneəli cıdır yarışları, polo, reqbi, qılınc oynatma, futbol və yelkənli qayıq yarışları, havada bütün növ uçuşlar (sərnişin kimi uçmaq halı istisna olmaqla) zamanı baş verən hallardan sığortalanmaq mümkündür. Bir şərtlə ki, müştəri özünü qəsdən təhlükəyə atmasın.
İstisna halları
Vüqar İbrahimov bu zaman bəzi istisnaların olduğunu da deyib: “Sığorta təminatı müharibə, vətəndaş müharibəsi, sığortalının cinayət törətməsi, özünü bilərəkdən təhlükəyə atma, zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi, nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə kimi bədbəxt hadisələrə şamil olunmur". Sığorta haqqının dəqiq məbləği tələb olunan sığorta məbləğindən və sığorta təminatlarından asılı olaraq müəyyən edilir: “Əgər şəxs sığorta hadisəsi baş verəcək halda 1000 manat ödəniş almaq istəyirsə, bunun üçün cəmi 20 manat sığorta haqqı verməlidir. Vətəndaşın istəyindən aslı olaraq bu məbləğ 3000 manata qədər yüksələ bilər”. Sığorta təminatı isə bədbəxt hadisə nəticəsində baş vermiş ölüm və ya daimi əlillik halına aiddir.
20 min manata da sığortalanmaq olar
“Ata sığorta” şirkətinin anderraytinq və təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova fins.az-a bildirib ki, şirkət müştərilərinə 20-50 manat müqabilində 1000 manatlıq fərdi qəza sığortası təqdim edir: "Bu sığorta bütün riskləri, o cümlədən akvaparklarda istirahət zamanı baş verən hadisələri əhatə edir". Bu sığortanın alıcıları hadisə baş verəcəyi təqdirdə 1000 manata qədər kompensasiya ala bilərlər. Fərli qəza sığortası vasitəsilə daha böyük məbləğdə, məsələn, 20 min manata qədər sığortalanmaq üçün isə təqribən 200 manat (yəni sığorta məbləğinin 1%-i qədər) ödəniş lazımdır.