Yadigar Məmmədli: "Jurnalistlər sığorta olunmalıdır"
Səbuhi Məmmədli: "Ölkədə çalışan jurnalistlər sığorta olunmur"
Nazilə Hüseynova: "İstər jurnalist, istərsə də başqa sahədə çalışan şəxs öz həyatını sığortalaya bilər"
Nazilə Hüseynova: "İstər jurnalist, istərsə də başqa sahədə çalışan şəxs öz həyatını sığortalaya bilər"
"Qala Həyat" sığorta şirkəti: "20 manat ödəməklə bir il müddətində 10 min manat sığorta ödənişi ilə sığorta paketi əldə etmək mümkündür"
Qloballaşan dünyada "həyat sığortası", "tibbi sığorta" kimi anlayışlar artıq əməlli-başlı müasir insanın həyatına daxil olub. Lakin Azərbaycan vətəndaşı hələ ki, özünün həyat sığortası barədə düşünməyə tələsmir. Belə sığortaya ehtiyacı olanlar arasında, şübhəsiz, jurnalistlər də var. Silahı qələm olan jurnalistlər. Jurnalist də olduqca təhlükəli peşələrdən biri sayılır.
Çünki jurnalistlər müharibə bölgəsi və ya təhlükəli hadisələrin baş verdiyi məkanlardan reportaj hazırlayırlar. Nəzərə almaq lazımdır ki, müharibə şəraitində yaşayırıq. Jurnalistlərin bir qismi ictimaiyyəti məlumatlandırmaq üçün döyüş bölgəsindən xəbər verirlər. Xatırladaq ki, jurnalist, Milli Qəhrəman Çingiz Mustafayev döyüş zonasında peşəsini icra edərkən həlak olmuşdu.
Jurnalistlər tək Azərbaycanda deyil, xaricdəki qaynar nöqtələrdə də hadisələri işıqlandırır. Bu vəziyyətdə onların həyat və sağlamlığının sığortası məsələsi gündəmə gəlir. Dünyada, xüsusilə də Qərb ölkələrində qaynar nöqtələrdə çalışan jurnalistlərin həyat və sağlamlığının sığortası qanunvericilikdə nəzərdə tutulub. Hətta Rusiya Dövlət Duması qaynar nöqtələrdə çalışan jurnalistlərin həyat sığortası təşəbbüsü ilə çıxış edib.
Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən jurnalistlər sığorta olunurmu? Media mənsublarının məsələyə münasibəti birmənalı deyil.
Bu yaxınlarda tanınmış jurnalist Səbuhi Məmmədli Əfqanıstana - qaynar nöqtələrdən birinə reportaj hazırlamaq üçün ezam olunmuşdu.
S.Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, o, Əfqanıstana getməmişdən əvvəl sığorta olunmayıb: "İstər Əfqanıstana səfərdə, istərsə də ötən il Pakistana, ondan az əvvəl Suriyaya gedəndə belə sığorta olunmamışdım. Bu barədə heç fikirləşməmişəm. Çünki perspektivsizdir. Azərbaycanda sığorta institutu inkişaf etməyib. Yəni bürokratik əngəllər o qədərdir ki, mən yaralansaydım, tutaq ki, Bakıya qayıdanda elə həmin sığorta şirkətinin yollarında canımı tapşırardım gəlib-getməkdən".
S.Məmmədli Azərbaycanda fəaliyyət göstərən media işçilərinin sığorta olunub-olunmamasına gəlincə, bildirdi ki, bu gün ölkədə sığorta olunan jurnalistlər tək-tükdür.
Azərbaycan Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bizimlə söhbətində qeyd etdi ki, hər bir peşənin sahibi sığortalanmalıdır: "Nəzərə almalıyıq ki, jurnalist risqli peşələrdən biri sayılır. Ən çox öldürülən, təzyiqə məruz qalan, oğurlanan məhz jurnalistlər olur. Bu baxımdan hesab edirəm ki, media nümayəndələri ikiqat sığorta olunmalıdır. Bir adi işçi kimi həyatı sığorta olunmalıdır, digəri isə istisna hal kimi riskli iş üçün sığorta olunmalıdır".
Y.Məmmədli təəssüf hissilə bildirdi ki, müharibə zamanı həlak olan media nümayəndələri sığorta olunmamışdılar: "Hazırda müharibə şəraitində yaşayırıq. Mütəmadi olaraq atəşkəs pozulur. Təmas xəttində olan jurnalistlər həyatlarını risqə ataraq xəbər hazırlayırlar".
Liqa sədri hesab edir ki, jurnalistlər sığorta olunmalıdır. İcbari Sığortalar Bürosunun hüquqşünası Nazilə Hüseynova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, jurnalistlər də digər peşə nümayəndələri kimi icbari həyat sığortasından yararlana bilər: "İstər jurnalist, istərsə də başqa sahədə çalışan şəxs öz həyatını sığortalaya bilər".
"Qala Həyat" sığorta şirkətindən bildirdilər ki, təkcə jurnalistlərin deyil, günün 24 saatı ərzində dünyanın istənilən nöqtəsində çalışan digər peşə sahiblərinin də həyatını sığortalamaq mümkündür. Bunun üçün cəmi 20 manat ödəməklə bir il müddətində 10 min manat sığorta ödənişi ilə sığorta paketi əldə etmək mümkündür.
Günel Cəlilova
Mənbə: Bakı Xəbər