30 Oktyabr

Hansı üstündür: "SÜRPRIZ KASKO" yoxsa "AVTO FAYDA"? - MÜQAYİSƏ

Fins.az Azərbaycanın sığorta bazarına yenicə təqdim olunmuş 2 məhsulun - “Başak-İnam Sığorta”nın "Sürpriz Kasko" və “Qarant Sığorta”nın "Avtofayda"nın müqayisəsini təqdim edir.

Son vaxtlar sığorta bazarında məhdud xidmətləri əhatə edən sığorta məhsulları populyarlaşmaqdadır. Maşının tam məbləğinə təminat verən ənənəvi kasko sığortadan fərqli olaraq "Sürpriz Kasko" və "Avtofayda"da müxtəlif məhdudiyyətlər var. Bunlar sığorta təminatı məbləğinə, sığrtanın qüvvədə olduğu əraziyə və əhatə etdiyi xidmətlərə aiddir. Haqqında danışılan hər iki məhsul məhz belələrindəndir. Beləliklə...

Qiymətlər: “Sürpriz Kasko” daha ucuzdur

“Sürpriz Kasko”nun “Avto fayda” qarşısında ən böyük üstünlüyü onun ikiqat ucuz olmasıdır. "Avtofayda"nın ən ucuz variantı 120 manat olduğu halda, "Sürpriz Kasko" üçün 59 manat ödəmək kifayətdir. Doğrudur, "Avtofayda"nın müəllifləri qiymətin nisbətən bahalığını sığorta məbləğinin yüksək olması ilə izah edirlər. Yəni bu sığorta daha böyük riskləri (2500 manatdan 4000 manatadək) qarşılaya bilər.
Üstəlik, sığorta haqqı və sığorta məbləğini nəzərə alanda hər iki məhsulda sığorta tarifi demək olar eynidir. Yəni, “Sürpriz kasko” çərçivəsində 1000 manata qədər təminat almaq üçün 59 manat və ya 5,9%, “Avto fayda”da isə 2500 manata qədər ziyandan sığortalı olmaq istəyənlər 120 manat və ya onun 4,8%-ni ödəməlidirlər. “Avto fayda”nın ikinci variantı 4 000 manata qədər təminatı əhatə edir və burada sığorta haqqı 210 manatdır (tarif 5,25%). Amma qiymətlərdəki fərq sürücülərə təsir edir - cəmi 59 manata avtomobili bir illik sığortalamaq çox cəlbedici görünür.

Hansı sərfəlidir: 59 manatlıq sığorta haqqı, yoxsa 2500 manat təminat?

Bu yerdə statistikanı yada salmaq yaxşı olar. İcbari Sığorta Bürosunun məlumatlarına görə, Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən zərər orta hesabla 1140 manatdır. Bu göstəricini əsas kimi qəbul etsək, "Sürpriz Kasko" istifadəçiləri hadisə baş verdiyi zaman dəyən zərərin bir hissəsini ciblərindən dəməli olacaqlar. "Avtofayda" istifadəçilərində buna ehtiyac olmayacaq, amma iş ondadır ki, böyük, məsələn 2500 və ya 4000 manat zərər dəyən qəzalar da elə çox deyil.

"Sürpriz kasko" ucuz, "Avto fayda" bahalı avtomobillər üçündür

Məhsullarının məhdud dairə üçün nəzərdə tutulduğunu sığorta şirkətlərinin özündə də gizlətmirlər. “Başak İnam Sığorta”nın biznesin inkişafı departamentinin rəhbəri Hikmət Allahverdi deyir ki, sığorta məbləğini nəzərə alanda "Sürpriz kasko" əsasən dəyəri 20 min manata qədər olan avtomobillərə dəyən ziyanı ödəməkdə faydalı ola bilər. Çünki belə maşınlara dəyən zərər əksər hallarda 1000 manatdan az olur. Bu xüsusiyətinə görə, "Sürpriz Kasko" adi kasko xidmətindən daha çox, digər kasko müqavilələrinə əlavə kimi istifadə oluna bilər. Belə ki, "müştərinin başqa şirkətlərdə də müqaviləsi olsa da, o biri müqavilələrə əsasən franşiza, köhnəlmə tətbiq olunanda, bu sığorta öz işini görür. yəni avtomobilini başqa şirkətdə sığortalamış müştəri həmin sığortadakı bütün çatışmazlıqları "Sürpriz kasko" vasitəsilə tamamlaya bilər.

Ondan fərqli olaraq "Avtofayda" nisbətən iri zərərləri qarşılamaq üçün sərfəlidir. “Qarant Sığorta”nın müşaviri Məmmədrəhim Həsənov isə bildirir ki, ənənəvi tariflərlə hesablananda bahalı avtomobillərin kasko sığortası üçün böyük məbləğ tələb olunduğu halda, avtomobil sahibi cəmi 150 və ya 210 manat ödəməklə avtomobilini sığortalaya bilər: ""Avto fayda" çərçivəsinə nəzərdə tutulan sığorta məbləği isə hətta ən bahalı maşınların zərərini də ödəməyə kifayət edir”. Onun sözlərinə görə, "Avto fayda" əsasən dəyəri 20-30 min manat civarında dəyişən avtomobillərin sahiblərinin işinə yaraya bilər. Bununla yanaşı, 200-300 min manatlıq avtomobil sürənlər də kiçik problemlərini bu sığorta ilə həll edə bilərlər.

Ərazi: "Avtofayda" üstündür
Bu iki sığorta məhsulu arasında ən ciddi fərq onların əhatə dairəsindədir. “Sürpriz kasko” yalnız Bakı və onun ətrafında qüvvədədir. Yəni, tutaq ki, yol qəzası Sumqayıtda baş verəcəksə, maşının sahibi problemini özü həll etməlidir - “Başak İnam Sığora” dəyən ziyanı ödəməyəcək. Məhsulun əhatə dairəsi təsadüfən seçilməyib. İndiyədək baş verən sığorta hadisələri araşdırılanda aydın olub ki, yol nəqliyyat hadisələrinin 80%-i Bakı və onun ətrafında baş verir.

“Avto fayda” isə bütün Azərbaycan ərazisini əhatə edir. "Qarant Sığorta" nümayəndələri bu barədə suala məmnuniyyətlə cavab verirlər ki, məhsuldan bütün ölkədə istifadə etmək mümkündür: "Sığorta hadisəsi Qazaxda belə baş versə, sığorta köməyinizə gələcək".

Əlavə xidmətlər: “Sürpriz kasko”da daha çoxdur

“Sürpriz kasko” çərçivəsində müştərilərə çoxsaylı xidmətlər də göstərilir. Bura pulsuz evakuasiya, ayıq sürücü, 20 litr yanacaq çatdırma, təkər təmiri, hüquqi məsləhət, alternativ avtomobil kimi xidmətlər təklif edir. “Avto fayda” da bu xidmətlərdən yalnız evakuasiya və sığorta hadisəsi ilə bağlı sənədləşməyə kömək nəzərdə tutulub.
“Sürpriz kasko” avtomobilləriun könüllü sığortası ilə yanaşı, sərnişinlərin fərdi qəza sığortasını və sürücülərin mülki məsuliyyətinin sığortasını əhatə edir. “Avto fayda”da isə əlavə sığorta üçün əlavə pul ödəmək lazımdır.

“Sürpriz kasko” yalnız bir nəfərə aiddir, "Avtofayda"da məhdudiyyət yoxdur

“Sürpriz kasko” ilə "Avtofayda" arasında ən ciddi fərqlərdən biri sığorta hadisəsi zamanı avtomobili idarə edən şəxslə bağlıdır. “Sürpriz kasko”da bununla bağlı məhdudiyyət var - bu sığorta üzrə xidmətlər yalnız bir şəxsə aiddir. Yəni bu xidmətlərdən yalnız sığorta şirkəti ilə müqavilə bağlayan şəxs faydalana biləcək, bu həm avtomobilin sahibi, həm də onun etibarnamə verdiyi şəxs ola bilər. Avtomobili başqa şəxs (hətta etibarnaməsi olsa da) idarə edəndə hadisə baş versə, bu sığortadan faydalana bilməyəcək. "Avtofayda"da isə belə məhdudiyyət yoxdur: "Sığorta hadisəsi zamanı avtomobil idarə etmək hüququ olan şəxs tərəfindən idarə edilibsə, problem yoxdur, sığorta işə düşəcək".

Hər ikisində franşiza yoxdur
Bəzi göstəricilərdə isə "Avtofayda" və “Sürpriz kasko” oxşardılar. Sığorta bazarındakı son dəbə uyğun olaraq hər iki məhsulda azadolma məbləği (franşiza) nəzərdə tutulmayıb. Yəni sığorta şirkətləri avtomobilə dəyən istənilən zərəri ödəyəcəklər.
Hər iki sığorta yol nəqliyyat hadisəsi ilə yanaşı, oğurluq, soyğunçuluq, yanğın, ildırım vurması, partlayış, təbii fəlakət, üçüncü şəxslərin qəsdən və qanunsuz hərəkətləri kimi hallardan sığorta deməkdir.

"Sürpriz kasko"

Məhsul

"Avto fayda"

“Başak İnam Sığora” ASC

Şirkət

“Qarant Sığorta” ASC

5,9%

Sığorta tarifi

4,8-5,25%

59 manat

Sığorta haqqı

150-210 manat

1000 manat

Sığorta məbləği

2500-4000 manat

Yoxdur

Azadolma məbləği

Yoxdur

Bakı və onun ətrafı

Əhatə dairəsi

Bütün Azərbaycan

1. Yol qəzası

2. Oğurluq

3. Soyğunçuluq

4. Yanğın

5. İldırım vurması

6. Partlayış

7. Təbii fəlakət

8. 3-cü şəxslərin qəsdən və qanunsuz hərəkətləri

Sığorta hadisəsi

1. Yol qəzası

2. Oğurluq

3. Soyğunçuluq

4. Yanğın

5. İldırım vurması

6. Partlayış

7. Təbii fəlakət

8. 3-cü şəxslərin qəsdən və qanunsuz hərəkətləri

1. Evakuasiya

2. Ayıq sürücü

3. 20 litr yanacaq çatdırma

4. Təkər təmiri

5. Hüquqi məsləhət

6. Alternativ avtomobil

Əlavə xidmətlər

1. Evakuasiya

2. Sənədləşmə