30 Oktyabr

Azərbaycanda "ilan mövsümü" başlayıb - SANCMADAN SIĞORTA

Yay mövsümünün yenicə başlamasına baxmayaraq artıq bölgələrdə ilan və həşərat sancması halları artıb. Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, vətəndaşlar istəsələr bu hadisələrdən də sığortalana bilərlər.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov fins.az-a açıqlamasında bildirib ki, aprelin 20-dən indiyədək şöbəyə ilansancması ilə bağlı 10, əqrəb sancması üzrə 3, qaraqurd sancması ilə bağlı isə 2 müraciət daxil olub.

Ötən il ilan sancmasından bir qadın və bir uşaq həlak olub

Ümumiyyətlə, Azərbaycanda ilan və həşərat sancması halları ən çox aprel-sentyabr aylarında, yəni ilin isti döründə baş verir. Belə hallara ən çox Aran bölgəsində - Yevlax, Bərdə, Kürdəmir rayonlarında, eləcə də cənub bölgəsində rast gəlinir. İlan sancmasından ölüm halları da olur. Məsələn, ötən il ərzində 121 ilan, 44 sarı, 2 qara əqrəb, 34 hörümçək növü olan qaraqurd sancma halı olub. Xəstəxanaya gec, yəni 3-4 gündən sonra çatdırıldığına görə ilan sancmasından bir qadın və bir uşaq dünyasını dəyişib.

İlan və həşərat sancmasından sığorta varmı?

İlan və həşərat sancmasından sığortalanmaq mümkündür. Yeri gəlmişkən, ötən il başına belə hadisə gələnlərdən 6-sının tibbi sığortası olub.
Bu risk bəzi sığorta şirkətlərinin standart tibbi sığorta paketlərinə daxil olsa da, digərləri bunu əlavə xidmət kimi təqdim edir. “Buta Sığorta” şirkətinin həkim eksperti Aynurə Əliyeva fins.az-a bildirib ki, fərdi tibbi sığorta paketlərində ilan və həşərat sancmaları riski də nəzərdə tutulub. O qeyd edib ki, qiyməti 360 manat olan “Premium” fərdi tibbi sığorta paketində təcili vaksinasiya təminatı nəzərdə tutulub. Bu sığorta paket üzrə sığorta məbləği 20 min manata qədərdir. A.Əliyeva əlavə edib ki, ötən il 2 belə hadisə olub: "Hər iki hadisə həşərat sancması ilə bağlı idi".
İlan və həşərat sancmasından “A Group” sığorta şirkəti də sığortalayır. Şirkətin tibbi sığorta departamentinin rəhbəri Yalçın Niftiyev fins.az-a bildirib ki, ilan və həşərat sancması bütün tibbi sığorta paketlərinə daxildir. Belə hallardan sığortalanmaq üçün 99 manatlıq paket almaq kifayətdir. Amma bu paketə təkcə ilan sancması yox, digər xəstəlik riskləri də daxildir. Belə ki, təcili tibbi yardım sığorta paketinə ilkin tibbi yardım və peyvəndləmə daxildir.
“Standard Insurance” şirkətinin tibbi sığorta departamentinin direktoru Səbinə Quliyeva isə fins.az-a bildirib ki, tibbi sığorta paketlərində ilan və həşərat sancma riskləri nəzərdə tutulmayıb. Bu isə əsasən bu tip müalicələrin dövlət müəssisələrində pulsuz aparılması ilə bağlıdır: "Amma əgər tələb olarsa, korporativ müştərilər üçün bu riski də sığorta paketlərinə daxil edə bilərik. Bu zaman sığorta haqqı artacaq".

İlan və əqrəb zəhərinə qarşı zərdablar neçəyədir?

Diqqətçəkən məsələlərdən biri də ilan və həşərat zəhərlərinə qarşı olan zərdabların qiymətidir. Belə ki, ilan və əqrəb zəhərinə qarşı zərdabların qiyməti 140 manatdan 260 manata qədər dəyişir. A.Maqsudov bildirib ki, Fransa istehsalı olan ilan zəhərinə qarşı “Polivent” zərdabı 160-200 manatdır. Əqrəb zərdabı 200 manata qədər, qaraqurd zərdabı isə 260 manat olur. Vətəndaşların əsasən pulsuz müalicə olunduqlarını deyən A. Maqsudov əlavə edib:“Təşkilat və müəssisələrə göstərilən xidmət isə pullu olur. Əgər həmin şirkətin sığortası varsa, belə halları sığorta təmin edir”.