30 Oktyabr

İcbari tibbi sığortanın tətbiqi bu il də sual altında...

Aparılan araşdırmalar Azərbaycan sığorta bazarının son bir ildə 16 faiz artdığını göstərir. Lakin bu fonda yenə diqqət çəkən məqamlardan biri icbari tibbi sığortanın tətbiqinin hələ də müşkülə çevrilməsi ilə bağlıdır. Hələ cari ilin əvvəlində bu sığorta növünün ölkədə tətbiqinə start verilməsi gözlənilsə də, hələlik heç bir nəticə yoxdur.

Bu gedişlə cari il ərzində də icbari tibbi sığortanın tətbiqi gözlənilmir. Halbuki, bu məsələ son günlərdə xüsusi aktuallığı ilə seçilir. Elə bu günlərdə məsələyə münasibət bildirən baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, ölkədə "İcbari Tibbi Sığorta Haqqında" Qanun qəbul olunub: "Bu qanunun bir mühüm maddəsi Azərbaycanda icbari tibbi sığortanın qəbul edilməsidir. Müəyyən obyektiv səbəblərlə əlaqədar bu qanun yerinə yetirilməyib. Artıq bu məsələ üzərində iş aparılır. Ümid edirəm ki, aparılan işlər zamanı çatanda icbari tibbi sığortanın tətbiqini mümkün edəcək". Onun sözlərinə görə, bu, 9,5 milyon əhalinin hər birinin mənafeyinə toxunan, düşündürən bir məsələdir: "Bunun üçün çoxlu iş görmək lazımdır və bu asan məsələ deyil.

Həm həcminə, həm də kütləviliyinə görə bu bir qədər ciddi məsələdir. Prinsip etibarilə söhbət Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasından gedir. Ona görə də bu istiqamətdə ciddi şəkildə işlər və araşdırmalar aparılır. İcbari tibbi sığortanın tətbiqi üçün çox iş görmək lazımdır. Əhali və həkimlər həm hüquqi sənədlərin hazırlanması, həm səhiyyə müəssisələrində yeni maliyyələşmə modellərinin seçilməsinə, həm səhiyyə müəssisələrinin bu modelə uyğunlaşdırılmasına hazırlanmalıdır. Bu işlərin hamısı ardıcıl şəkildə həyata keçiriləcək. Güman edirəm ki, biz bunu Azərbaycanda yaxşı şəkildə həyata keçirəcəyik".

Ekspertlər də sözügedən sığorta növünün tətbiqini zəruri sayır. İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir ki, icbari sığortanın tətbiqi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azalmasına səbəb olacaq: "Bu sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə, o cümlədən aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. İcbari tibbi sığorta bütün vətəndaşların məcburi qaydada sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlətdən alınır. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan zaman sığorta sənədini göstərməklə pulsuz müalicə oluna biləcək".

Ekspertə görə, Səhiyyə Nazirliyinin qərarlarının Azərbaycanın bu sahədəki qanunvericiliyinə uyğunlaşdırılması olduqca vacibdir: "Sığorta ödənişlərinin işəgötürənlə işçi arasında bölüşdürülməsi mexanizmlərinin aydın formalaşdırılmasına ehtiyac var. Sığortanın yalnız işçinin üzərinə düşməsi onun üçün sosial ağırlıq yarada bilər. İşəgötürənin icbari tibbi sığortanın ödənilməsinə məsul edilməsi isə işçilərlə müqavilə bağlanması məsələsini xeyli yubadacaq. İşəgötürənlər işçilərlə müqavilə bağlamaqda maraqlı olmayacaq. Buna görə də, bir sıra Avropa ölkələrində olduğu kimi, icbari tibbi sığortanın işəgötürən və işçi arasında bölüşdürülməsi məqsədəuyğun hesab olunur. Xəstəxanalar prosesə hazır olmalıdır. Təəssüf ki, bu gün xüsusilə dövlət xəstəxanaları sığorta şirkətləri ilə işləmək təcrübəsinə tam malik deyil. Hətta vətəndaşın sığortası olduqda bəzi xəstəxanalarda ondan əlavə ödənişlər tələb olunur. Xəstəxanaların bu prosesə hazırlanması, onların sığorta şirkətləri ilə işləmə ənənəsi formalaşmalıdır".

Bununla yanaşı, tədqiqatlar göstərir ki, "İcbari tibbi sığorta haqqında" qanun indiki tələbləri tam şəkildə ödəmir. Hesab edilir ki, qanunvericilikdə icbari tibbi sığortanın tətbiqi mexanizmləri göstərilməlidir. Eləcə də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Agentliyin statusunun təkmilləşdirilməsinə ehtiyac var. Çünki bu agentlik icbari tibbi sığortanın tətbiqinə birbaşa məsul olan qurum sayılır. Bununla yanaşı, mütəxəssislər bildirir ki, icbari tibbi sığortaya keçid üçün ilk növbədə lazımi infrastruktur yaradılmalıdır.


Tahir TAĞIYEV
Bakı-Xəbər qəzeti