Əgər əmanət yatırdığınız bank sizə bu əmanətin müqabilində sərfəli şərtlərlə kredit təklif etsə, götürməyə tələsməyin, çünki bu zaman bütün əmanətinizlə risk etmiş olursunuz. Bəli, Azərbaycan banklarının əksəriyyətində əmanət yatıranlara "güzəştli kredit" verilməsi bu əmanətlərin sığortalanmasına mane olur.
Azərbaycan banklarının əksəriyyətində əmanətçilərə güzəştli kredit verilir. Fins.az-ın məlumatına görə, adətən kreditin məbləği əmanətin 70-80%-i qədər, faiz dərəcəsi isə əmanətin faizlərindən 4-5% yüksək olur. Bu qayda ilə məsələn banka illik 9%-lə 50 min manat yerləşdirən əmanətçi, buradan illik 14-15%-lə 40 min manat kredit götürə bilər. İlk baxışdan bu variant əmanətçilərə sərfəlidir - banka yatırılan pulun böyük hissəsi özünə qayıdır və bunu biznes məqsədilə istifadə etmək olar. Özü də krediti başqa bankdan illik 20-22%-lə götürməkdənsə, 14-15%-lə götürmək daha sərfəlidir. Üstəlik, banka yatırılan məbləğin üzərinə əmanət faizi hesablanır və vaxtı çatanda o faizlərlə birlikdə götürüləcək.
Bununla yanaşı, əmanətə görə kredit qaydası əmanətlərin özü üçün potensial təhlükə mənbəyidir.
Belə ki, əmanətlərin sığortalanması qaydalarına görə, müştəri əmanətini girov qoymaqla kredit götürürsə artıq həmin əmanətin ən azı kredit qədər olan hissəsi sığortalanmır.
Yəni, tutaq ki, müştəri banka illik 9%-lə 5 min manat pul qoyub. Onun bu pulun 4 min manatını kredit kimi götürməyə ixtiyarı var. Bu halda bank kredit qaytarılana qədər əmanətin 4 min manatını bloklaşdıra bilər. Yəni, sığortalanmış məbləğ artıq 5 min manat yox, cəmi 1000 manat olur. Sığorta hadisəsi baş versə, yəni bankın başına bir iş gəlcə o halda müştəriyə də elə 1000 manat ödəniləcək. Kredit kimi götürdüyü 4 min manat isə batacaq.
Adətən banklar kredit götürən müştərilərə bunun müqabilində əmanətlərinin sığortalanmayacağı barədə məlumat vermirlər. Amma banka əmanət yatıran və kredit götürən müştərilər bu məsələni dəqiqləşdirməlidirlər. Məsələn, "Bank of Baku"dan fins.az-a bildirilib ki, əmanətin kredit kimi götürülən hissəsi sığortalanmır.
Bəzi banklarda isə nəinki əmanətin kredit götürülən hissəsini, ümumiyətlə bütün əmanət bloklaşdırılır. - yəni sığrtalanan əmanət sırasından çıxarırlar. Bu qayda istehlak bazarında fəal olan banklardan "Unibank", "Accessbank", "Dəmirbank" və "Expressbank"da tətbiq edilir. Həmin banklardan fins.az-a verilən məlumata görə, əmanət yatırılarkən kredit götürüləndə əmanət bütünlüklə bloklaşdırılır, yəni əmanət sığortalanmır.