Azərbaycanın sığorta şirkətləri ayrı-ayrı şəxsləri tibbi sığortalamaqdan çəkinirlər. Səbəbi aldadılmaq qorxusudur. Fins.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, tibbi sığorta ilə ölkədəki sığorta şirkətlərinin əksəriyyəti məşğul olsa da, onlardan yalnız 4-ü fiziki şəxslərin tibbi sığortasını həyata keçirir. Bunlar “A-Qroup” ASC, “Başak İnam Sığorta Şirkəti” ASC, “AXA MBASK” ASC və “Buta Sığorta” ASC-dir.
Qalan şirkətlər isə yalnız iri şirkətlərin kollektivini sığortalamağa hazırdılar. Şirkətlər bunu müxtəlif səbəblərlə izah edirlər. Fəaliyyəti bütün ölkəni əhatə edən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin "Şəfa" filialının direktoru Cahandar Axundov deyir ki, hansısa müəssisənin işçilərini kütləvi şəkildə sığortalamaq daha sərfəlidir. Çünki, adətən işəgötürənlər xəstəliyi olan adamı işə qəbul etmirlər. Bu baxımdan korporativ tibbi sığorta daha sərfəlidir: “Fərdi tibbi sığorta isə belədir ki, kimsə hansısa xəstəliyinin olduğunu bilir, bütün müalicə xərclərini bizim üstümüzə yıxmaq üçün gəlib özünü sığortalaya bilər, o da sərfəli deyil”. Bununla yanaşı, “Azərsığorta” rəsmisi deyir ki, fiziki şəxslərin müraciətlərinə də baxıla bilər, bir şərtlə ki, həmin şəxs tam şəkildə müayinədən keçərək öz sağlamlığı barədə ətraflı arayışa malik olsun.
“Atəşgah” Sığorta Şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin rəisi Uğur İbrahimli isə deyir ki, tibbi sığortaya maraq göstərən şəxslər o qədər azdır ki, onlar üçün ayrıca fərdi tibbi sığorta məhsulu yaratmağa ehtiyac görmürlər: “Sığorta şirkəti ilk növbədə maliyyə qurumudur və hər bir xidmət, məhsul özünü maliyyə cəhətdən doğrultmalıdır. Gələcəkdə belə müraciətlər çoxalsa və əhalidə ödənişli tibbi sığortaya maraq artarsa onların da tələbatını ödəyib zəruri məhsulu təqdim etməyə hazırıq".
“Standard Insurance” Sığorta Şirkətinin Tibbi sığorta departamentinin direktoru Səbinə Quliyeva isə deyir ki, şirkət 3 il bundan əvvəl fərdi tibbi sığorta xidməti göstərib, amma bu xidmət özünü doğrultmayıb və şirkətin verdiyi təminatdan sui-istifadə hallarına yol açıb. Buna görə də, “Standard İnsurance” fərdi tibbi sığortanı qısa müddətdən sonra dayandırıb: “Elə insan var idi ki, gəlib deyirdi ki, mən bu il əməliyyat keçirməliyəm, buna görə özümü sığortalamaq istəyirəm. Və yaxud kimsə özünü sığortalatdırıb dişinə protez qoydurmaq istəyirdi. Təbii ki, sığorta şirkəti bu kimi məsələlərə dair ödəniş edə bilməz”.
Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların tibbi sığorta barədə anlayışı tam formalaşmayıb. Buna görə də, əsassız iddialara görə ödənişdən imtina etdikdə şirkət barədə düzgün olmayan fikirlər səslənir, bu da işgüzar imicə ziyandır. Bu baxımdan ən yaxşısı fərdi tibbi sığortanı ümumiyyətlə həyata keçirməməkdir.
Fərdi tibbi sığorta xidməti göstərən “A-Qroup” Sığorta Şirkətinin satış üzrə mütəxəssisi Leyla Hüseynli isə deyir ki, onlar bu növ sığortadan sui-istifadə hallarının qarşısını bəri başdan alırlar, ona görə də müştərilərlə problemləri olmur: “Bizə fərdi tibbi sığorta üçün müraciət edənlər “Chek-up” müayinədən keçirlər və əgər onların xroniki xəstəlikləri yoxdursa, bu da sığortalanmağa icazə veririk. Müayiənin pulunu isə müştəri özü ödəyir, əgər hansısa xəstəliyi olmasa və sığortalanmağa qərar versə həmin məbləği biz ona qaytarırıq. Bu da imkan verir ki, bizə fərdi tibbi sığorta üçün müraciət edənlər heç bir xəstəliyi və məqsədi sui-istifadə olmayan insanlar olsun”.