30 Oktyabr

Vergi partnyorluğu: mübarizədən əməkdaşlığa doğru

Təqribən 10 il bundan əvvəl Azərbaycan sahibkarlarının ağlına da gəlməzdi ki, nə vaxtsa vergi orqanları ilə partnyorluq edəcək, bütün hesab-kitabları vergi əməkdaşlarına açıq olacaq. İş adamlarının əksəriyyəti üçün Vergilər Nazirliyi vergidən yayınmaya qarşı mübarizə aparan qurum idi və biznesmenlər hər vəhclə onu aldatmağa çalışırdı. Son vaxtlar isə bu yanaşma kökündən dəyişməyə başlayıb.
Dəyişikliyin ən böyük göstəricilərindən biri Azərbaycanda bizneslə Vergilər Nazirliyi arasında vergi partnyorluğuna başlanmasıdır. Qısa müddət ərzində yüzlərlə sahibkar “vergi partnyorluğu sazişi” bağlayaraq Nazirliyin tərəfdaşına çevrilib. Bu isə onlara vergi yoxlamaları (operativ nəzarət tədbirləri) ilə üzləşməmək, amma ən başlıcası, vergilərin ödənilməsinə dair riskləri minimuma endirmək imkanı yaradıb.

Vergi partnyorluğu nədir?

“Vergi partnyorluq sazişi” anlayışı Vergi Məcəlləsinə 2013-cü ilin əvvəlindən daxil edilib. Məcəlləyə əsasən, vergi risklərinin minimuma endirilməsi məqsədi ilə vergi orqanı ilə vergi ödəyicisi arasında vergi partnyorluğu sazişi bağlana bilər. Bir qədər əvvəl isə Nazirlər Kabineti “Vergi partnyorluğu Sazişinin forması”nı və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”nı təsdiqləyib. Deməli, artıq partnyorluğa başlamaq olar.
Vergi partnyorluğunun birinci şərti ondan ibarətdir ki, vergi ödəyicisi şəffaf olmalıdır. Yəni əvvəla, sahibkarın bütün mühasibat məlumatları vergi orqanları üçün açıq olmalıdır. Yeri gəlmişkən, vergi orqanları ilə partnyorluq etmək istəyən sahibkarların bütün mühasibatlıığı elektron olmalıdır. Nəticədə vergi orqanları sahibkarın mühasibətlığına və apardığı əməliyyatlara məsafədən nəzarət edə biləcəklər. Bununla da müəssisədə uzun-uzadı yoxlamalara ehtiyac qalmayacaq.

Bundan başqa, vergi ödəyici bu sazişə qədər yol verdiyi çatışmazlıqları gələcəkdə təkrar etməməli, vergi hesabatlarını vaxtında təqdim edib, vergilərini vaxtında ödəməlidir.
Sazişin vergi ödəyicilərinin üzərinə qoyduğu ən mühüm öhdəliklərdən biri işçilərlə bağlıdır - işçilərlə əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmalı və hesabatlarda işçilərə verilən əməkhaqqını məbləğini düz göstərilməlidir. Daha sadə desək, maaşın məbləğini vergidən yayınmaq üçün az göstərməməlidir.

Partnyorluğun sahibkarlara faydası nədir?

Əvvəlcədən onu deyək ki, vergi partnyorluğu zamanı ən böyük məsuliyyət sahibkarın üzərinə düşür, amma bu əməkdaşlıqdan ən böyük faydanı da onlar götürür. Söhbət nədən gedir?
İlk növbədə sahibkarların vergi pozuntularına yol verməsi və buna görə, cərimələnməsi riski azalır, demək olar ki, sıfıra enir. Çünki mühasibətlıq vergi orqanı üçün açıq olduğuna görə, onlar sahibkarın bilmədən etdiyi bütün pozuntuları görüb, onun qarşısını almaq üçün iş adamını xəbərdar edəcəklər.

Ümumiyyətlə, vergi partnyorluğu zamanı vergi orqanları faktiki olaraq vergi ödəyicisinin məsləhətçisinə çevrilir.

Vergi ödəyiciləri istənilən əməliyyatla bağlı qanunvericiliyin tələblərini, vergututma ilə bağlı yarana biləcək vəziyyəti, ödəməli olduğu verginin məbləğini vergi işçilərindən soruşa bilər. Belə ki, vergi əməkdaşları vergilərin necə hesablanıb ödənilməsi məsələsində sahibkarlara tövsiyələr verəcəklər. Vergi qanunvericiliyində dəyişiklik olanda da sahibkar bu barədə vergi əməkaşlarından geniş məlumat ala biləcəklər. Bu da onlara vergidən yayınma risklərini aşağı salmağa, vergilərin ödənilməsi sahəsində üzləşə biləcəkləri problemlərin qarşısını bəri başdan almağa, bir sözlə arxayın şəkildə işləməyə imkan verir. Vergi partnyorluğunun sahibkarlara gətirdiyi ən maraqlı üsütnlüklərdən biri onların planlaşdırdığı əməliyyatlarla bağlı vergi orqanından məsləhət alması olacaq. Məsələn, iş adamı indiyədək aparmadığı hər hansı əməliyyat həyata keçirməyə hazırlaşır və ya indiyədək çalışmadığı yeni sahədə fəaliyyət göstərmək istəyir. Belə vəziyyətdə vergi orqanları sahibkarlara, məsələn, bu əməliyyat nəticəsində nə qədər vergi ödəməli olduğunu izah etməlidir.

Örtülü bazar dostluğu pozar

Əgər hər şey nəzərdə tutulan kimi olsa, sahibkarlar ilk növbədə vergi yoxlamalarından yaxa qurtara biləcək - doğrudan da, məlumatları onlayn görünən sahibkarı yoxlamağın nə mənası. Bu da iş adamlarına maksimum rahat iş qurmağa şərait yaradacaq.

Amma məsələnin başqa tərəfi də var. Vergi partnyorluğu edən sahibkar qarşı tərəıi aldatmağa cəhd etsə, bundan möhkəm peşman olacaq. Belələri vergi nəzarətinin bütün gücünü dərhal hiss edəcək - burada kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, o cümlədən xronometraj metodla müşahidələr işə düşəcək.

Vergilər Nazirliyinin bu sazişdə öz məqsədləri var. Söhbət vergilərin yığılmasına səmərəli və ədalətli nəzarət sistemi yaratmaq, nəticədə vergilərin könüllü ödənilməsinə nail olmaqdır.
Amma bütün faydalarına baxmayaraq Vergilər Nazirliyi ilə partnyor olmaq asan deyil. Əvvəla vergi partnyoru olmaq istəyən vergi ödəyicisi intizamlı olmalıdır. Yəni il ərzində öhdəliklərini tam və vaxtında icra edənlərə üstünlük verilir. Problemi olan, məsələn, vergi borcu olan, eyni zamanda vergidən yayındığı barədə vergi orqanında məlumat olan vergi ödəyiciləri ilə isə partnyorluq sazişi bağlanmır.

Nə üçün məhz indi?

Vergi partnyorluğu təşəbbüsünün məhz bu vaxt irəli sürülməsi təsadüfi deyil. Əvvəla, hazırda ölkə sahibkarları vergi orqanları ilə əməkdaşlığa indi daha çox hazırdırlar. Bu na nail olmaq üçün Vergilər Nazirliyi ölkədə "vergi mədəniyyəti" formalaşdırmalı olub. Nazirlik yaranandan bəri vergilərin vaxtında ödənilməsi, vergidən yayınmaya yol verilməməsi üçün ciddi işlər görülüb. Təbliğat işləri inzibati tədbirlərlə - cərimə və sanksiyalarla müşayiət olunub. Bu da fayda verməyəndə belələri cinayət məsuliyyətinə cəlb ediliblər. İndiyədək davam edən bu tədbirlər nəticəsində nəinki iş adamları, hətta sıravi vətəndaşlar da vergi ödənilməsi əsas öhdəliklərdən biri kimi qəbul ediblər. Yeri gəlmişkən, elə bunun nəticəsidr ki, vergi borclarının məbləği sürətlə azalmaqdadır. Vergilər nazirinin müavini Natiq Əmirov deyir ki, hazırda vergi borcu demək olar ki, yaranmır, köhnə borclar isə tədricən ödənilir.
İkincisi, vergi partnyorluğu üçün ödəyicinin mühasibatlığı elektronlaşmalıdır. Son bir neçə ildə belə vergi ödəyicilərinin sayı sürətlə artmaqdadır.

Üçüncüsü, ölkə biznesinin inkişafı özü vergi orqanları ilə əməkdaşlıq tələb edir. Məsələ bundadır ki, indi yeni biznes sahələri, əməkdaşlığın yeni formaları ortaya çıxır, bəzi iş adamları fəaliyyətlərini xarici ölkələrə genişləndirirlər. Bir sözlə indiyədək onlara tanış olmayan əməliyyatlar aparmalı olurlar. Belə vəziyyətdə vergi risklərini əvvəlcədən dəqiqləşdirmək və planlaşdırmaq iş adamlarına hava-su kimi lazımdır.

Nəhayət, yenə də ölkə biznesinin böyüməsi və inkişafı nəticəsində sahibkarlar öz reputasiyalarının qayğısına qalmağa başlayıblar. "Vergi orqanları ilə problemi olan", "vergidən yayınan" kimi neqativ imicə malik olanlara heç bir xarici partnyor etibar etməz. Belə halla üzləşməmək üçün sahibkarlar vergi problemlərini vaxtında həll etməyə çalışırlar.

Müraciətlərin 70%-nə müsbət cavab verilib

Təsadüfi deyil ki, qısa müddət ərzində “Vergi partnyorluğu sazişi” bağlamaq üçün indiyə qədər Vergilər Nazirliyinə təxminən 2000-ə yaxın sahibkar müraciət edib. Onlardan 1400-ə qədərinin müraciəti müsbət cavablandırılıb və saziş bağlanılıb. Qalan sahibkarların isə əskəriyyətinin müraciəti baxılma mərhələsindədir.
Nazirliyin Strateji araşdırmalar idarəsinin rəisi Telman Hüseyinlinin sözlərinə görə, partnyora çevrilənlər əsasən ƏDV ödəyiciləri, maliyyə sektorunda fəaliyyət göstərən müəssisələr, yəni kredit təşkilatları və sığorta şirkətləri, eləcə də alqı-satqı əməliyyatlarını nağdsız formada (POS terminalla) həyata keçirən ticarət obyektləridir. Idarə müdiri bunu təbii hesab edir. Çünki, “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”na əsasən, bu sazişi bağlamaq istəyən iş adamı mühasibat uçotunu sertifikatlaşdırılmış proqramı təminatı ilə aparmalıdırlar. Azərbaycandakı yuxarıda göstərilən sahibkarların əksəriyyəti bu meyarlara cavab verirlər.
Kiçik və orta sahibkarların, xüsusilə də pərakəndə ticarətlə məşğul olanların böyük bir qismi vergini sadələşdirilmiş qaydada, yəni dövriyyənin 2-4%-i qədər ödəyir. Həmçinin, Azərbaycanda sahibkarların əksəriyyəti mühasibat uçotunu tam şəkildə elektron formada həyata keçirmirlər. Bu baxımdan bu kateqoriyadan olan sahibkarlar üçün partnyorluq müqaviləsinin bağlanılması ehtiyacı yaranmır.

Dövlət büdcəsi də qazanır

Sirr deyil ki, “Vergi partnyorluğu sazişi” bağlayan sahibkarların sayının artması vergi yoxlamalarının sayını azaldır. Bu da vergi müfəttişlərinin vaxta qənaət etməsi, onların apardığı yoxlamaların effektivliyinin, büdcəyə ödənilən vergilərin artması deməkdir. Bunu statistik göstəricilər də təsdiq edir.

Vergilər Nazirliyinin məlumatına görə, 2013-cü ildə ölkə üzrə ümumilikdə 9504 vergi ödəyicisində səyyar vergi yoxlaması keçirilib. Bu 2012-ci illə müqayisədə 14,8% azdır. Yoxlamaların sayı azalsa da, faydaları əksinə, artıb. Yoxlamalar nəticəsində büdcəyə 711 milyon manat əlavə vəsait hesablanıb ki, bu da 2012-ci illə müqayisədə 17,7% çoxdur. Deməli, orta hesabla 1 yoxlamadan büdcəyə keçirilən vəsaitin məbləği 2012-ci illə müqayisədə təqribən 55% artaraq 75 min manat təşkil edib.

Yazı Vergilər Nazirliyinin “Vergilər” qəzetinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Müəllif: Namiq Hüseynov