Avtomobilin sığortası neçə hadisəyə "kifayət edir"? Daha dəqiqi, sığorta təminatı neçə hadisə üçün nəzərdə tutulub? Bir ildə bir neçə dəfə qəza törətmək o qədər də inandırıcı deyil. Amma belə hallar da olur. Sürücü ehtiyatsızlığı, məsuliyyətsizlik, ya da sadəcə işi belə alınması nəticəsində bəzən eyni avtomobil ildə bir neçə dəfə qəza törədə bilər. Bəs belə halda avtomobilin sığortası zərərlərin hamısını ödəməyə kifayət edirmi? Fins.az avtomobil sahiblərinin əksəriyyətini maraqlandıran bu məsələyə mütəxəssislərin köməyi ilə aydınlıq gətirir.
“Çoxları elə bilir ki, hadisə baş verdikdən sonra yenidən müqavilə bağlanmalıdır, amma belə deyil"
“Mega Sığorta” şirkətinin marketinq meneceri Hüseynağa Əliyev fins.az-a bildirdi ki, avtomobillərin icbari sığortasında hadisələrin sayına və ödənişin həcminə limit qoyulmayıb: Yəni, hər hadisə üzrə 55 min manata qədər ödəniş limiti var. Sığortalanmış avtomobil il ərzində neçə sığorta hadisəsi törətsə və 3-cü şəxslərin sağlamlığına və əmlakına zərər vursa, hər dəfə bu məbləğədək ödəniş verilə bilər: “Çoxları elə bilir ki, bir hadisə baş verdikdə və ya həmin hadisəyə görə maksimum ödəniş edildikdə müqavilə qüvvədən düşür və yenidən müqavilə bağlanmalıdır. Lakin belə deyil. Bu müqavilə bütün sığorta müddəti boyunca qüvvədədir və istənilən sayda sığorta hadisəsinə görə, hər hadisə üzrə 55 min manatdan çox olmamaq şərtilə ödənişlər verilir.
H.Əliyevin sözlərinə görə, "Meqa sığorta"nın təcrübəsində bir neçə dəfə belə hadisə olub: "İcbari sığortalanmış maşın il ərzində bir neçə dəfə qəza törədib və bütün hadisələrdə ödənişlər edilib. Bunun könüllü variantdan - kaskodan fərqi bir də ondadır ki, burda azadolma məbləği də yoxdur. Yəni, sığortalayan sığorta müddəti ərzində istənilən sayda hadisələr zamanı bütün dəymiz zərəri ödəyir, təbii ki, bir hadisə üzrə 55 min manatdan çox olmamaq şərtilə”- deyə ekspert qeyd etdi.
Problemli sürücülərin "cəzası" yeni müqavilədə verilir
Amma bu qəzalar nəticəsiz qalmır. Tez-tez qəza törədən problemli sürücülər "hərəkətlərinin nəticəsini" növbəti il üzrə müqavilədə görürlər. Belə ki, icbari sığorta edilərkən sürücünün risklik dərəcəsi Bonus-Malus sistemi üzrə qiymətləndirilir və həmin şəxsin avtomobili üzrə sığorta bahalaşır.
Belə ki, İcbari Sığorta Bürosunun məlumatına görə, hər hansı avtomobilin icari sığortası zamanı birinci il 100 manat icari sığorta haqqı ödəmişdisə, il ərzində 1 qəza törətdikdə növbəti il 160 manat sığorta haqqı ödəyəcək. 2 qəza olduğu halda bu məbləğ 200 manata, 3 və daha artıq sayda qəzalar törədildikdə sığorta haqqı 300 manata çatacaq.
“Kasko sığortada zərər ümumi məbləği keçməməlidir"
Kasko sığortasında isə qaydalar fərqlidir. Burada avtomobilin sığorta məbləği əsas götürülür və il ərzində dəyən zərərlərin həcmi bu məbləği keçməməlidir. Ekspertlər bildirir ki, burada müştəri ilə sığorta şirkətinin razılığından, eləcə də azadolma məbləğindən də çox şey asılıdır. “Alfa Sığorta” şirkətinin marketinq departamenrinin rəhbəri Samir Güləhmədzadə fins.az-a bildirdi ki, sığortalanma dəyərindən artıq ödəniş edilmir- bu məbləğ 1 və ya bir neçə dəfəyə aid ola bilər. Başqa sözlə, kimsə avtomobilini 20 min manata sığortalayıbsa, bu məbləğ ona həm bir, həm də bir neçə hadisəyə görə ödənilə bilər.