30 Oktyabr

Dəyişikliklər kimin xeyrinədir?

«Qaydalara dəyişiklik ümumilikdə müştəri xidmətləri baxımından çox müsbətdir, sığorta ödənişlərinin verilməsi proseslərini tezləşdirəcək. Şirkətlər daha operativ olacaqlar». Bu haqda «Bizim Yol»a açıqlamanı «Başak İnam» Sıgorta şirkətində Biznesin İnkişafı Departamentinin direktoru Hikmət Allahverdi bildirib. Xatırladaq ki, avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi alması proseduru asanlaşdırılır.

Maliyyə Nazirliyi tərəfindən hazırlanan «Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları» layihəsində avtomobil qəzaları zamanı avtomobil sahiblərinin sığorta ödənişi almaq üçün Dövlət Yol Polisi İdarəsindən arayış almaq gərəkməyəcək. Sənədə əsasən, hadisənin baş verməsində təqsirli şəxsin müəyyən edilməsi ilə bağlı sığortaçı, sığortalı, üçüncü şəxs arasında mübahisə olmadıqda və hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə DİN-in səlahiyyətli orqanının arayışı tələb olunmayacaq.

Sığorta şirkətinin nümayəndəsi H.Allahverdi hesab edir ki, sürücülər arasında sui-istifadə halları arta bilər: «Sürülər arasında sövdələşmə halları artacaq deyə ehtimal etmək olar. Burada məsələ hansısa məbləğdə zərər halında ehtiyac olmayacaq kimi qoyulsa idi daha yaxşı olardı. İcbari məsuliyyət sığortasında 1000 manatadək zərərlərin ödənilməsində belə bir arayışa ehtiyac yox idi».
Amma istənilən halda, könüllü kasko sığortası ilə icbari sığorta arasında kifayət qədər fərq olduğu deyən departament rəhbəri bildirir ki, bunlar fərqli sığorta növləridir: «Könüllü kasko sığortada qarşı tərəflə razılaşıb pulu ala bilər, sonra da şirkətə gəlib deyər ki, saxlamışdım, vurub gediblər və bu kimi başqa hallar. İcbari sığortada isə qarşı tərəfə vurulan zərərlər ödənilir deyə, bu hal mümkün deyil».

Mənbə: Bizimyol.info