Amerikalı mütəxəssislər yeni avtomobillər arasında ən keyfiyyətlisinin adını açıqlayıblar. Fins.az-ın məlumatına görə, “J. D. Power and Associate” agentliyinin mütəxəssisləri 86 mindən çox yeni avtomobil sahibi arasında sorğu keçirib. Sürücülərdən maşını sürdükləri ilk 3 ay ərzində onunla bağlı hansı qənaətə gəldikləri soruşulub.
Araşdırma bu ilin fevral ayından may ayına qədər olan dövrü əhatə edib. Mütəxəssislər hesabat dövründə yeni maşınlarda rast gəlinən bütün nöqsanları araşdırıblar və müxtəlif markalar üzrə “keyfiyyət indeksi” tərtib ediblər. İndeks hər 100 avtomobillə bağlı qeydə alınan nöqsanların ümumi sayını əks etdirir. Mütəxəssislərin fikrincə, müxtəlif markadan olan avtomobillərin nə dərəcədə keyfiyyəti olduğunu yalnız bu yolla müəyyən etmək olar.
Araşdırmanın nəticəsinə görə, ən keyfiyyətli avtomobil “Porsche” olub. Bu növ 100 markadan ümumilikdə 74 nöqsan aşkar edilib. 2-ci yerdə 87 nöqsanla “Jaguar”, 3-cü yerdə isə 92 nöqsanla “Lexus” qərarlaşıb.
Kütləvi şəkildə yayılmış markaların göstəriciləri isə nöqsan göstəriciləri isə daha yüksək olub. Hər 100 maşına düşən nöqsanların ümumi sayı “Hyundai”da 94, Toyota”da 105, “KİA” və “Chevrolet”də isə 106 olub. “Honda” və “BMW” markalında isə nöqsanların sayı 108 olub.
Bununla yanaşı, mütəxəssislər bildirib ki, hansısa avtomobilin keyfiyyəti ilə bağlı ilkin mərhələdə qəti fikir bildirmək düzgün olmaya da bilər, çünki maşın öz keyfiyyətini 3-5 il ərzində və hətta bundan da uzun müddətdə sübut edə bilər. Ümumiyyətlə mütəxəssislər avtomobil almaq istəyənlərə məsləhət görürlər ki, problemlərlə üzləşməmək üçün azı 1 il əvvəl bazara daxil olmuş markaları seçməli, bahalı və yüksək texnoloji imkanlara malik avtomobillərə daha təmkinli yanaşmalıdırlar.