30 Oktyabr

Maşını hansı servisə aparmaq lazımdır?

Əzilmiş avtomobilin hansı servisdə təmir olunması ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında mübahisələrə son qoyulacaq. Fins.az-ın məlumatına görə, bu Maliyyə Nazirliyi tərəfindən yeni hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsində nəzərdə tutulub. Qeyd eək ki, indiyədək avtomobil sahiblərinin əksəriyyəti avtomobilin özlərinin etimad göstərdikləri avtoservislərdə təmirini tələb etsələr də, sığorta şirkətləri maşının tərəfdaşlıq etdiyi servislərdə təmirinə üstünlük verirdi. Yeni qaydalara görə isə bu məsələ, yəni maşının harada təmir ediləcəyi hələ sığorta müqaviləsi bağlananda müəyyən olunacaq. Bu isə o deməkdir ki, sığorta müqaviləsinə əsasən müştəri etibar etdiyi avtoservisdə avtomobilini çox rahat şəkildə təmir etdirə biləcək. Sığorta şirkətlərinin bu məsələyə münasibəti fərqli olsa da, ümumilikdə bu yenilik müsbət qəbul edilib.

Vəziyyəti dəyişən yenilik

Sığorta şirkətlərindən fins.az-a verilən məlumata görə, bu hal sığorta mübahisələrini azaldacaq və sığortaya marağı artıracaq. Bununla yanaşı, sığortada yeni problem -avtoservis və sığorta şirkətləri arasında mübahisələr yaranacaq.

Alfa sığorta :“Onsuz da hər maşını öz servisində təmir etdiririk"

“Alfa” sığorta şirkətinin marketininq şöbəsinin rəisi Samir Güləhmədzadə bildirib ki, “Alfa” sığorta şirkətində sığortalanan hər bir model avtomobil öz servisində təmir edilir. Ona görə də, bununla bağlı bizdə problem yaranmır: “Hər bir maşını öz servisində təmir etdiririk, “Hyundai” “Hyundai servis”də, “Mersedes”i də öz servisində. Ona görə də yeni qayda bizim işimizə və sığorta haqqlarına da təsir göstərməyəcək”.


Azərsığorta: “Sürücülərin sığortaya marağını artıra bilər”

“Azərsığorta” şirkətinin sədr müavini Aftandil Hacıyev isə fins.az-a bildirib ki, yeni qayda hələlik layihə şəklində olduğu üçün onun necə nəticələnəcəyi ilə bağlı dəqiq fiki r bildirmək çətindir: "Ancaq gözləniləndir ki, müsbət təsir göstərsin və sürücülərin sığortaya marağını artırsın".

Meqa sığorta: “Bu yenilik sığorta haqqlarını 0,2-0,3 faiz artıra bilər”

“Meqa” sığorta şirkətinin iddiaların tənzimlənməsi şöbəsinin baş mütəxəssisi Anar Allazov isə bildirib ki, yeni qaydanın qəbul edilməsi sığorta haqlarını bahalaşdıracaq: "Sığorta haqqlarında 0,2-0,3 faiz artım ola bilər". Mütəxəssisin sözlərinə görə, bu onunla bağlıdır ki, avtomobillərin rəsmi servislərlə təmiri adi emalatxanalara nisbətən 30-40 % baha başa gəlir. Bununla yanaşı, sığorta haqqının cüzi artması sığortaya marağı azaltmayacaq, əksinə, maşının təmir ediləcəyi yerin əvvəlcədən məlum olması sığorta mübahisələrini azaldacaq və avtomobil sığortasına marağı artıracaq: "Elə müştərimiz olub ki, könüllü olaraq təmir məsələni müqaviləyə əlavə etmək istəyib və əlavə şərtlərlə müştərinin istəyini təmin etmişik”.

Bakı sığorta: “Avtoservis və sığorta şirkəti arasında mübahisələr başlayacaq”

"Bakı Sığorta" şirkətinin sədr müavini Ramin Məmmədov fins.az-a deyib ki, rəsmi servislərlə adi təmir məntəqələri arasında 20-25 faizlik fərq mövcuddur. Ola bilər ki, sığorta şirkətləri bütün rəsmi servislərlə müqavilə bağlayıb endirim əldə edə və zərərin 10 faizini kompensasiya edə bilərlər: "Sığorta haqqları 0,1-0,2 faiz arta bilərsə də, istənilən halda yeni qayda müştərilərin marağına səbəb olacaq. Çünki müştəri hər bir şeyin ən yaxşısını seçməyə çalışır". Əvəzində, R.Məmmədovun sözlərinə görə, yeni qayda müştərilərin narazılığını aradan qaldırsa da, qiymətləndirmə ilə bağlı avtoservislə sığorta şirkəti arasında mübahisələr yaradacaq: “Yeni qaydadan rəsmi avtoservislər maksimum yararlanmağa çalışacaqlar. Avtoservisin qiymətləndiricisi ilə sığorta şirkəti arasında mübahisə yaranacaq. Məsələn,təmir edilməli olan detalın əvəzinə çalışacaqlar ki, yeni detalı istifadə etsinlər, bu isə əlavə xərc olduğu üçün mübahisə doğuracaq”. O əlavə edib ki, bu məsələ qısa müddətli olsa da, maliyyə durumu yaxşı olmayan sığorta şirkətlərinə mənfi təsir göstərəcək.